Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Horadiz-Ağbənd dəmir yolu xəttinin ümumi uzunluğu 100 kilometrdir. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq.
Horadiz-Ağbənd dəmir yolunun strateji əhəmiyyətindən danışan dövlətimizin başçısı qeyd edib ki, bu yol azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.
“...Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirir”
Dəmir yolu xəttinin ölkə üçün strateji və iqtisadi əhəmiyyəti barədə danışan millət vəkili Vüqar Bayramov qeyd etdi ki, dəmir yolu xətti Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bu dəmir yolu sayəsində Naxçıvana çəkiləcək dəhlizin əhəmiyyəti daha da artacaq: “Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olacaq. İlk olaraq qeyd edim ki, dəmir yolu işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər. Bərpa və yenidənqurma prosesindən sonra işğaldan azad olunan ərazilərimizə getmək istəyənlərin sayının çox olacağını nəzərə aldıqda bu nəqliyyat infrastrukturunun üstünlüklərinin təsəvvür etmək çətin olmaz”.
Həmsöhbətimiz hesab edir ki, dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi, praktik olaraq, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirir: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq”.
Günel CƏLİLOVA