Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Laçın rayonunun Güləbird kəndində çıxışı zamanı ermənilərdən ibarət bəzi revanşist qüvvələrə sərt xəbərdarlıq etməsi Ermənistanda ciddi narahatlığa səbəb olub.
Onların mediası bu fikirləri xüsusi narahatlıqla tirajlayır. Həmin çıxışında Prezident deyib ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır: “Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”.
Dövlət başçısı deyib: “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu, demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür”.
Prezident qeyd edib ki, biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik:
“Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim”.
Maraqlıdır, ermənilər İlham Əliyevin revanşistlərə etdiyi bu sərt xəbərdarlıqdan niyə belə narahat olublar?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər 44 günlük müharibənin nəticələrindən sonra Azərbaycan siyasətini daha diqqətlə izləməyə başlayıblar: “Onların mediasının analizi bunu aydın göstərir. Prezident İlham Əliyevin çıxışları ilə bağlı geniş təhlillərin verilməsi də göz önündədir. İş burasındadır ki, İlham Əliyev illərdir ermənilərə sərt xəbərdarlıqlar edir. 44 günlük müharibədən sonra onlar gördülər ki, həmin xəbərdarlıqlar əbəs yerə səslənmirdi. Yəni hər bir sözün arxasında konkret əməl dayandı. İlham Əliyev çıxışlarında yalnız Qarabağdan danışmır. Həm də Zəngəzur, İrəvan xanlıqları kimi tarixi Azərbaycan ərazilərindən bəhs edir. Xüsusilə Zəngəzur məsələsinə Türkiyədən də dəstək verilməsi onları ciddi narahat etməyə başlayıb. Revanşist fikirdə olanlara xəbərdarlıq onları daha da narahat edir. Çünki Azərbaycan hər an öz ərazisində həmin elementlərə qarşı antiterror əməliyyatına başlaya bilər. Bunun üçün Azərbaycanın əlində kifayət qədər əsas var. Bu baxımdan da ermənilər ikinci müharibə dərsini ala biləcəklərindən narahatdır”.
Ekspert onu da xatırlatdı ki, hələ ermənilər canlarını bizim əlimizdən qurtara bilməyib: “Ərazilərimizə vurulan ziyanla bağlı təzminat ödəmək kimi ağır proses onları gözləyir. Bunu edə bilməsələr, Azərbaycan onlardan digər tarixi ərazilərini tələb edəcək. Ermənilər görür ki, Azərbaycan nəyi qarşısına məqsəd qoyursa, ona da çatır. Bu baxımdan da çox narahatdırlar”.
Məhəmmədəli QƏRİBLİ