Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan bəyanatda yer alan mühüm məqamlardan biri də Mehri rayonundan keçərək Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirəcək dəhlizin yaradılması ilə bağlı oldu. Bu məqam regional nəqliyyat layihələri üçün yeni imkanlar yaratmaqla yanaşı, Qafqazın ümumi mənzərəsində də əhəmiyyətli dəyişikliklərə rəvac verəcək.
Lakin dəhlizin yaradılması indiki şərtlər daxilində Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edir. Xüsusən də Naxçıvanla əlaqələr baxımından. Məlumdur ki, hazırda Naxçıvanla hava və quru əlaqəsi İran, Türkiyə vasitəsilə mümkündür. Amma yeni dəhliz vasitəsilə Naxçıvanla birbaşa əlaqənin qurulması mümkün olacaq. Bu da vaxta və xərclərə əhəmiyyətli dərəcədə qənaət etmək imkanı yaradır. Beləliklə, Azərbaycan və Naxçıvan üçün yeni iqtisadi inkişaf imkanları yaranacaq. Naxçıvan dəhlizi, eyni zamanda, region ölkələri üçün yeni imkanlar yaradacaq, Türkiyə bu dəhlizdən istifadə etməklə Azərbaycana birbaşa çıxış əldə edəcək. Artıq qeyd edilən istiqamətdə ilkin addımlar atılır. Məlumdur ki, hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində çoxsaylı mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulub. Elə bu fonda Füzuli rayonunda olarkən Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Ümumi uzunluğu 100 kilometr olacaq bu dəmir yolu xəttinin strateji əhəmiyyəti kifayət qədər böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və bu xətt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Burada bir daha qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizin öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatmasını hüquqi cəhətdən təsdiqləməklə yanaşı, həm də özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamlar əks etdirir. Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Başqa sözlə desək, Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Elə Prezident İlham Əliyev də Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla 10 noyabr Bəyanatının həmin maddəsinin icrasına start verdi. Dəmir yolunun təməlqoyma mərasimində İlham Əliyev bu fonda maraqlı nüanslara da toxundu: “Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”.
Bununla yanaşı, Bakı-Tiflis-Qarsdan sonra Naxçıvan dəhlizindən keçən digər dəmir yolu ilə də Azərbaycan Türkiyəyə çıxış imkanları qazanır. Özü də Türkiyə ilə Azərbaycanı birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu ilə müqayisədə Naxçıvan dəhlizindən keçən yol 340 kilometr daha qısa olacaq. Bu da məsafəni və xərcləri azaltmaqla Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına imkan yaradacaq. Dəhliz, həmçinin, Azərbaycanla Türkiyə arasında turizm əlaqələrinin inkişafına da səbəb olacaq. Naxçıvan dəhlizinin yaradılması regionun digər ölkələri ilə alternativ quru yolunun açılmasına imkan yaratdığından Rusiya üçün də faydalı olacaq. Belə ki, Rusiyanın dəmir yolu şəbəkəsi Azərbaycanın dəmir yolları ilə əlaqəli olduğundan, bu ölkədən gələn qatarlar Naxçıvan dəhlizinə çataraq oradan asanlıqla İran, Türkiyə və Ermənistana gedən xətlərə birləşdiriləcək. Ermənistan sülhə yönələn siyasətə və əməkdaşlığa üstünlük verərsə, o zaman Naxçıvan dəhlizindən o da faydalana bilər. Bu dəhlizdən istifadə etməklə Ermənistan özünün iqtisadi blokadasına son qoya, regional nəqliyyat layihələrinə qoşula və ən əsası, Türkiyə, İran, Rusiya bazarlarına rahat çıxış əldə edə bilər.
Onu da qeyd edək ki, regionda nəqliyyat kommunikasiyalarının işə düşməsi “Şərq-Qərb” nəqliyyat dəhlizinin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mehridən keçəcək Horadiz-Ağbənd dəmir yolunun reallaşması Naxçıvana, daha sonra Türkiyəyə rahat əlaqənin təmin edilməsi deməkdir. Bu da Azərbaycanın Naxçıvan, həmçinin Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini artıracaq.
Nahid SALAYEV