Cəmi 44 gün sürən müharibə Ermənistanın biabırçı məğlubiyyəti ilə nəticələnməklə yanaşı, ölkənin məğlubedilməzliyi mifini də aradan qaldırıb. İllər uzunu erməni cəmiyyətinə erməni əsgərinin “qəhrəman” obrazı, məğlubedilməzliyi sırınırdı.
Ötən əsrin 90-cı illərində kənar dövlətlərin hər cür dəstəyilə mövcud olmayan hərbi birləşmələr üzərində müvəqqəti qalibiyyət əldə edən Ermənistan ümid edirdi ki, yenə eyni halla rastlaşacaq. Lakin cəmi 44 gün davam edən müharibə bütün bu illüziyaları məhv etmiş oldu. Məğlubiyyət həm də ölkədəki iqtisadi geriləmənin sürətini artırıb.
Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin keçmiş müavini Tadevos Avetisyan “Novosti Armeniya”ya açıqlamasında deyib ki, ölkədə hər 3 nəfərdən biri yoxsuldur: “Ermənistanda yoxsulluğun səviyyəsi 30 faizə yaxınlaşdığı halda, baş nazir Nikol Paşinyan fevralın 12-dəki çıxışında 2020-ci ili ölkənin “çiçəklənmə ili” adlandırıb”.
Onun sözlərinə görə, 2018-ci ildə yoxsulluq 23,5 faiz, 2019-cu ildə bu göstərici 26,5 faiz səviyyəsində olub.
Keçmiş nazir müavini dövlət borcunun 10 milyard dollara çatdığını bildirərək əlavə edib ki, bu vəziyyət humanitar fəlakətə səbəb olacaq.
“Yaşanan tənəzzül, idxal və ixrac əməliyyatlarında yaranan böyük ölçülü mənfi saldo ölkəni iqtisadi uçuruma aparır”
Məsələyə münasibət bildirən iqtisadiyyat üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Paşinyanın Ermənistan iqtisadiyyatının “çiçəklənməsi” barədə səsləndirdiyi fikirlər, sadəcə, gülüş doğurur: “Heç şübhə etmirəm ki, erməni cəmiyyəti bunu ikrahla qarşılayır. Ən azından, ölkədə pandemiyanın tüğyan etdiyini, Ermənistanın 44 günlük müharibədə acı məğlubiyyətə uğradığını nəzərə alsaq, iqtisadi çiçəklənmədən danışmaq absurddur. Paşinyan ya ağlını itirib, ya da erməni cəmiyyəti ilə məzələnir. Çünki Ermənistanda iqtisadi vəziyyət tamamilə fərqlidir. Ölkədə əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, iqtisadiyyatın tənəzzülü, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Müharibədəki məğlubiyyət, əhalinin maddi rifah halının pisləşməsi və bunun yaratdığı fəsadlar bu il də davam edəcək. Problemlərin həlli üçün isə Ermənistan hakimiyyətinin konkret proqramı yoxdur. Yaşanan tənəzzül, idxal və ixrac əməliyyatlarında yaranan böyük ölçülü mənfi saldo ölkəni iqtisadi uçuruma aparır. Belə olan halda, hansı iqtisadi çiçəklənmədən söhbət gedə bilər? Ötən il Ermənistan iqtisadiyyatında 7,2 faiz azalma qeydə alınıb. Tikinti sektoru 11,2 faiz, ticarət dövriyyəsi 13,5 faiz, xidmətlərin həcmi 13,6 faiz azalıb. O cümlədən ölkənin xarici ticarət dövriyyəsi 12,4 faiz, ixrac 5,2 faiz, idxal 15,9 faiz enib. İqtisadi vəziyyətin pisləşməsi dövlət büdcəsinə vergi gəlirlərinin azalmasına gətirib çıxarıb”.
Ekspert hesab edir ki, Ermənistan iqtisadiyyatı hələ uzun müddət yerində sayacaq.
Vidadi ORDAHALLI