Düz bir il əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan - Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələri təşkil edildi. İlk dəfə idi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ictimaiyyət önündə canlı yayımla debat keçirilirdi.
Bir daha sübut olundu ki, Cənab Prezidentin sözü ilə əməli vəhdət təşkil edir. 44 günlük müharibədə qazanılan tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bunun əyani sübutu oldu. İlham Əliyev toplantı iştirakçılarının və KİV təmsilçilərinin qarşısında Nikol Paşinyanın yalan danışdığını və faktları təhrif etdiyini də sübut etmişdi. Prezident 44 günlük döyüşlər zamanı bəyan etdiklərini həmin toplantıda da vurğulamışdı: “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan”. İlham Əliyev müzakirələr zaman torpaqların işğal altında qalmayacağının sanki anonsunu da vermişdi: “Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir”.
Bir il əvvəl Prezident Əliyevin Paşinyanın qaçılmaz Qarabağ iflasının ilk anonsunu Münhendə bəyan etməsi və bunun tam reallaşması nəyin əlaməti sayıla bilər?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin debata təkrar baxmaqla biz bir çox mətləbləri anlaya bilərik: “Ola bilər ki, həmin vaxt çoxları Münhendəki debata sıradan bir müzakirə kimi baxırdı. Sonrakı hadisələr göstərdi ki, Azərbaycan heç nəyi təsadufi etməyib. Bu, ciddi bir xəttin startı olub. Həmin debatda deyilən sözlər, açıqlanan fikirlər işlərin plan üzrə getdiyini sübut etmiş oldu. Böyük qələbənin anonsu məhz Münhendə verilmişdi. Sanki Ermənistana sonuncu dəfə xəbərdarlıq edilirdi ki, özünüzü yığışdırın. Onların nəzərinə çatdırılırdı ki, heç bir gücləri yoxdur, Azərbaycan ordusunun qarşısında dayanmaq gücündə deyillər. Bunların hamısı ciddi şəkildə xəbərdarlıq edilmişdi. Yəqin ki, onlar da həmin debata təkrar baxıb, özləri üçün ciddi nəticələr çıxarırlar. Bu nəticəyə gəlirlər ki, İlham Əliyev nəyi deyimişdisə, hamısını da həyata keçirmiş oldu. Biz dəfələrlə bildirmişdik ki, müharibə istəmirik, sadəcə, bizim torpağmızı azad edin. Bu məsələdə heç bir güzəştin olmayacağını bəyan edirdik. Biz deyə bilmərik ki, Azərbaycan müharibəyə hazırlaşırdı. Sadəcə, Ermənistanın təxribatlarının ola biləcəyini təxmin etdiyimiz üçün öz müharibə hazırlığımızı görmüşdük. Azərbaycan Prezidenti həmin konfransda yalnız Ermənistana deyil, eyni zamanda bütün dünya birliyinə mesaj göndərirdi ki, vəziyyəti yoluna qoysunlar”.
Ekspertin sözlərinə görə, həmin konfransda həm də deyildi ki, Ermənistan təklifləri nəzərə almasa, onu pis aqibət gözləyəcək: “Necə deyilmişdisə, elə də oldu”.
Məhəmmədəli QƏRİBLİ