Ermənistanın dünyada antisemitizmin mövcud olduğu iki ölkədən biridir. Ermənistanda Azərbaycan xalqı ilə yanaşı, yəhudi xalqına qarşı da nifrət siyasəti formalaşıb.
Ermənilər özləri haqqında “sivil xalq” obrazı yaratmaq və “antifaşist” kimi qələmə vermək məqsədilə paytaxt İrəvanda Holokost qurbanlarına abidə qoyublar. Burada Ermənistanın əsl məqsədi isə İsrail dövlətinə yarınmaq, qondarma “erməni soyqırımı”nın tanıdılması ilə bağlı bu ölkədən dəstək almaq olub. Ermənistan nə qədər çalışsa da, İsrail dövlətindən və yəhudi xalqından bu və digər məsələlərdə dəstək ala bilmədi, bu zaman özünün əsl mahiyyətini, faşizm sifətini göstərməyə başladı. Yəni Holokost qurbanlarının xatirəsinə qoyduqları abidəni təhqir etməyə başladılar. Bir tərəfdən Hitlerin əlaltısı olan faşist, nasist Njdeyə heykəl qoyan, digər yandan Holokost qurbanlarına abidə qoyan Ermənistanın necə çoxsifətli bir siyasət yürütdüyü meydana çıxdı.
Məlum olduğu kimi, İrəvanda İkinci Dünya müharibəsində Holokost qurbanlarının xatirəsinə həsr olunmuş abidə növbəti dəfə ermənilər tərəfindən təhqir olunub. Bu barədə “Humanitar inkişaf” beynəlxalq ictimai təşkilatının sədri Sovinar Kostanyan öz “Facebook” səhifəsində müvafiq fotonu paylaşıb. “İnana bilmirəm ki, bunu erməni edib”, - deyə Kostanyan qeyd edib.
Məlumata görə, “naməlum şəxslər” tərəfindən törədilən bu vandalizm aktı ilə bağlı Ermənistan polisi araşdırmalara başlayıb.
“...ermənilər beynəlxalq arenada İsrailə qarşı mövqeyini Holokost abidəsini təhqir etməklə göstərirlər”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin kiçik elmi işçisi Aynur Əzimzadə “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda ilk dəfə deyil Holokost abidəsi təhqir olunur, bundan əvvəl də analoji hadisə baş verib. “Erməni cəmiyyətindəki yəhudi nifrəti bir çox halda əməli fəaliyyətdə özünü göstərir. 2003-cü ildə İrəvanda Holokost qurbanlarının adına qoyulmuş memorial abidənin yerinin dəyişdirilməsi qərarı qəbul edildi. Səbəb isə bu ərazidə yeni bir obyektin tikilməsi idi. Əslində isə əsas səbəb erməni əhalinin abidəyə vurduğu ziyanı gizlətmək üçün onun gözdən uzaqlaşdırılması idi. Lakin yəhudi icmasının səyləri nəticəsində abidə şəhər daxilində başqa bir əraziyə köçürüldü. Abidə yerləşdirildikdən qısa müddət sonra onun üzərində yenə müxtəlif xəsarətlər meydana gəlməyə başlayıb. Naməlum şəxslər tərəfindən çəkic və mismarla abidə üzərindəki yəhudi atributunun silinməsinə cəhdlər edilib. Ermənilər yəhudilərə olan nifrətini bu abidə üzərində nümayiş etdirirdilər. İrəvanda 2004-ci il yəhudi yeni ilinin son günü kimliyi bəlli olmayan erməni vətəndaşları şəhər mərkəzindəki ictimai parkda Holokost qurbanlarının memorial abidəsi üzərinə 666 saylı “şeytan” rəqəmini yazmışdılar. Çox keçmədi ki, 2005-ci il yanvarın 26-da antisemitistlər tərəfindən həmin abidə üzərində qara boya ilə böyük faşist simvolu çəkildi. Yazı dərhal park işçiləri tərəfindən təmizlənsə də, bu hadisəni gizlətmək mümkün olmadı.
2005-ci ildə isə abidə tamamilə aşırdılmış şəkildə tapılıb. Bu hadisə yəhudi icmasının rəhbərlərini və yəhudi cəmiyyətini narahat edən antisemitizm aktlarının ən əsası oldu. Bu hadisədən sonra yəhudi icmasının üzvləri hadisəni dərhal polisə bildirmiş, lakin təhqiqat obyektiv aparılmamış və icma üzvlərinə tam məlumat verilməyib. Bir müddət sonra isə verilən açıqlamada abidəni saxlayan sütunlarda problem olduğu və abidənin buna görə aşdığı qeyd olunub. Lakin bu cavabla kifayətlənməyən yəhudi icması üzvləri abidənin yerləşdiyi ərazidə sorğu aparıblar. Sorğuda iştirak edən Qukas Harutyunyan qeyd edirdi ki, bu və buna bənzər hadisələr abidə qoyulduğu ildən bəri 6, ya da 7 dəfə təkrarlanıb. Eyni zamanda, o, qeyd edirdi ki, abidənin sütunları çox möhkəmdir və bu səbəbdən onun aşması inandırıcı deyil.
Ermənistanda antisemitizm yalnız xalq tərəfindən deyil, hakimiyyət və siyasətçilər tərəfindən də dəstəklənir. Erməni millətçiləri ötən bir neçə il ərzində mətbuatda antiyəhudi şərhlər yaymaqla daha da aktivləşmişlər. Faşizmi dövlət siyasətinə çevirən və Njdeyə heykəl qoyan Ermənistanın əsl siması bütün dünyaya məlumdur”.
Ermənistanda hakimiyyətə gələn qüvvələrin “faşizmin erməni modelini” yaratdıqlarını qeyd edən A.Əzimzadə bildirdi ki, Ermənistanda antisemitizm ən yüksək həddədir.
Ermənistanın Holokost qurbanlarına abidə qoymaqla İsrail dövlətinin dəstəyini qazanmaq məqsədi güddüyünü deyən A.Əzimzadə hesab edir ki, İsrail faşizmi dövlət siyasətinə çevirən Ermənistana heç bir dəstək vermədi, bu səbəbdən də ermənilər bu abidəyə qarşı vandalizm aktları törətmək yolunu tutdular: “İrəvanda Holokost qurbanlarına abidə qoyan Ermənistanın, əslində, məqsədi İsraillə münasibətləri yaxşılaşdırmaq, bu dövlətin dəstəyini qazanmaq idi, lakin bunun əksi baş verdi. Çünki Ermənistanda antisemitizm və monoetniklik o qədər güclüdür ki, bu ölkənin daxilində başqa xalqları sevmirlər. Yəni ermənilərin yəhudilərə qarşı nifrəti o qədər güclüdür ki, onlar bu nifrətlərini abidə üzərində ifadə etməyə başladılar.
Qeyd etdiyim kimi, Holokost qurbanlarına qoyulan abidəyə qarşı bu vandalizm aktları 2003, 2005-ci illərdə baş verib, dəfələrlə həmin abidə üzərində müxtəlif faşist işarələri çəkilib, mismarla, digər dəmir alətlərlə abidə üzərində cızıqlar açılıb. Ermənistanın yəhudi azlığı toplaşıb abidə üzərindəki təhqiramiz hərəkətlərin araşdırılmasını tələb etmişdi və nəticədə də polislər, eləcə də camaat bu abidəni gecə ilə aşırmışdı, amma polislər “uzun araşdırma”lardan sonra belə nəticəyə gəlmişdilər ki, guya abidəni külək aşırıb”.
A.Əzimzadə qeyd etdi ki, Xocavənddə Njdeyə qoyulan abidə götürüldükdən sonra ermənilər acıqlarını Holokost abidəsindən çıxıblar: “Faşist əlaltısı Njdenin abidəsi Xocavənddən götürüldükdən sonra ermənilər daha da vəhşiləşdilər və acıqlarını Holokost qurbanlarına qoyulan abidədən çıxdılar. Siz Holokost abidəsinin son fotolarını görmüsünüzmü? Bu abidənin üzərində İsrailin istehsal etdiyi silahların adları yazılıb, bu, birbaşa nəinki yəhudi xalqını, birbaşa İsrail dövlətinə işarə edərək onu təhqir etmək deməkdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, İsrailin Vətən müharibəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi, ərazi bütövlüyünü tanıması səbəbindən ermənilər beynəlxalq arenada İsrailə qarşı mövqeyini Holokost abidəsini təhqir etməklə göstərirlər. Yəni ermənilər beynəlxalq arenada həmişə qorxaq davranırlar, ancaq öz daxilində “at oynadırlar”. Onu da vurğulayım ki, İsrail dövləti faşizmi dövlət siyasətinə çevirən Ermənistanla hər hansı bir formada əlaqə qurmağa maraq göstərmədi, bu səbəbdən də erməni cəmiyyəti bu abidəyə qarşı belə mövqe tutdu” -deyə A.Əzimzadə qeyd etdi.
İradə SARIYEVA