Azərbaycanın tarixi torpaqlarının 200 ildən çox bir müddətdə yalnız parçalanması prosesi baş vermişdi. Çar Rusiyası 1813-cü ildə Gülüstan müqaviləsi ilə torpaqlarımızı bölməklə kifayətlənməyib, 1828-ci ildə Türkmənçay müqaviləsi ilə prosesi bir daha təkrarlayaraq, ərazilərimizi paramparça etdi.
Bildiyimiz kimi, fevralın 10-nu Türkmənçay müqaviləsinin imzalanmasının 193 ili tamam oldu.
Ümumiyyətlə, son 200 illik tariximizə nəzər saldıqda təəssüf ki, yalnız ərazilərimizin bölünməsi, işğal edilməsi faktları ilə qarşılaşırıq.
Bu istiqamətdə tariximizdə dönüş 2020-ci ildə baş verib. Məhz 2020-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesinə nəinki biz, bütün dünya şahidlik etdi. Bu bizim dövlətçilik tariximizdə yeni bir mərhələ oldu. 193 ildə ərazi bütövlüyü pozulmuş ölkənin bütövlüyü nəhayət ki, Qarabağ torpaqlarının qaytarılması ilə bərpa olundu. İtirdiyimiz tarixi torpaqlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi dövründə bərpa edildi, müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin edildi.
Əlbəttə, 2020-ci ilə qədər biz yalnız işğal tarixindən danışırdıq və torpaqlarımızın işğaldan azad edilməsi barədə addımlar atırdıq. Amma artıq işğalçı Ermənistanın terrorçu silahl birləşmələrinin əsarəti altında olan ərazilərimiz Ali Baş Komandanın rəhbərliyilə müzəffər ordumuz tərəfindən geri qaytarılıb, azad edilib.
“Əfşarların hakimiyyətindən bəri ilhaq edilmiş Azərbaycan torpaqlarının bir qarışı da geri qaytarılmayıb”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, həqiqətən də tariximizin son 200 illik dövründə ilk dəfədir Azərbaycan torpaqları işğaldan azad edilib. “Bilirsiniz ki, tarixən Azərbaycan torpaqları çox böyük əraziləri əhatə edib və torpaqlarımız çox geniş olub. Amma müxtəlif müharibələr zamanı torpaqlarımız düşmənlər tərəfindən işğal edilib, parçalanıb, ərazilərimiz bizdən qoparılıb. Hətta 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqaviləsinə görə, Azərbaycan torpaqları tamamilə yarı bölünərək Şimali və Cənubi Azərbaycana çevrilib. Bu da azmış kimi, sonradan da torpaqlarımızın xeyli hissəsi başqa dövlətlər tərəfindən ələ keçirilib. Yəni tarixi mənbələr göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycanın ərazisi 116 min kvadratkilometr olub, sonradan bildiyimiz səbəblər üzündən ərazimiz 86,6 min kvadratkilometrə gəlib düşüb. Bunun da əsas səbəbi o idi ki, həm Şimaldan, həm Cənubdan, həm Qərbdən, Gürcüstan, Ermənistan tərəfdən Azərbaycan torpaqlarına işğalçı qəsdlər edildi. Rəsmi şəkildə bağlanan “sülh” müqaviləri nəticəsində Azərbaycan torpaqları işğal olundusa, elə bəzi vaxtlarda isə torpaqlarımız qeyri-rəsmi şəkildə ələ keçirildi, qəsb edildi. İndi, göründüyü kimi, Azərbaycanın Ermənistanla sərhədləri boyu nə qədər ərazilərimiz, kənd və şəhərlərimiz qanunsuz olaraq Ermənistan ərazisinə qatılıb, daxil edilib. Özü də bunlar heç bir müqavilə bağlanmadan, qeyri-rəsmi və qanunsuz şəkildə olub. Eyni zamanda, həm Şimalda, həm də Cənubda yerləşən xeyli ərazilərimiz Ermənistanın, Rusiyanın, İranın və digər ölkələrin ərazilərinə qatılıb. Deyərdim ki, doğrudan da Əfşarların hakimiyyətindən bəri işğal edilmiş, zəbt edilmiş, ilhaq edilmiş Azərbaycan torpaqlarının bir qarışı da geri qaytarılmayıb. Hətta o da baş verdi ki, keçən əsrin 90-cı illərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal altına düşdü”.
“Son 200 ildə İlham Əliyevə qədər heç bir dövlət başçısı itirdiyimiz torpaqlarımızı geri qaytarmamışdı”
Q.Hacıyev qeyd etdi ki, Türkmənçay müqaviləsindən sonra İlham Əliyevin prezidentliyi dönəminə qədər Azərbaycana rəhbərlik edən heç bir dövlət başçısı bir qarış da olsa torpaq qaytarmamışdı, amma Prezident İlham Əliyev son 200 illik tariximizdə böyük bir ilkə imza atdı, torpaqlarımızın 20 faizini düşmən tapdağından azad etdi: “30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi dövründə azad edildi.
Son 200 ildə İlham Əliyevə qədər heç bir dövlət başçısı itirdiyimiz torpaqlarımızı geri qaytarmamışdı.
30 ilə yaxın işğal dövründən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəliyi, diplomatik bacarığı ilə müzəffər ordumuzun xilaskarlıq yürüşü ilə torpaqlarımız işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi müzəffər ordumuz xilaskarlıq yürüşü ilə xalqımıza qələbə qismət etdi. Müzəffər ordumuz tərəfindən torpaqlarımızın 20 faizi düşmən işğalından azad edilməklə müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü bərpa edildi. Ermənistan tərəfindən qanunsuz şəkildə zəbt edilən ərazilərimiz hissə-hissə geri qaytarıldı”.
“Azərbaycan Prezidentinin yerinə yetirdiyi böyük xilaskarlıq missiyası tariximizə şərəfli qələbə yazdı”
Q.Hacıyev qeyd etdi ki, Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndi də Ermənistan tərəfindən qanunsuz şəkildə zəbt edilərək öz ərazisinə qatılıb. O hesab edir ki, çox çəkməz, bu ərazilərimiz də yenidən Azərbaycana qaytarılacaq. Artıq bu istiqamətdə proses getdiyini deyən Q.Hacıyevin sözlərinə görə, Ermənistan bu ərazilərimizi də qaytarmağa məcburdur. “Artıq torpaqlarımızın 20 faizi işğaldan azad edilib, Naxçıvanın Kərki kəndinin və Qazaxın da yeddi kəndinin işğaldan azad ediləcəyi gün uzaqda deyil. Ermənistan bu torpaqları qanunsuz olaraq zəbt edib və öz ərazilərinə qatıb. Bu azmış kimi, hətta Laçın, Qubadlının Gorus-Sisiyan tərəfə olan əraziləri də hissə-hissə heç bir əsası olmadan Ermənistana birləşdirilmişdi. Azərbaycan Prezidentinin yerinə yetirdiyi böyük xilaskarlıq missiyası tariximizə şərəfli qələbə yazdı. Eyni zamanda da Azərbaycan xalqının, Azərbaycan Ordusunun böyük məharəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. Torpaqlarımızın işğaldan azad edilməsi müasir tariximizin ən böyük,
ən yeni qürurverici şərəfli səhifəsidir. Bununla da bütün Azərbaycan xalqı fəxr edir”.
“Gələcək nəsillər görsünlər ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan hansı böyük tarixi qələbəyə imza atıb”
Q.Hacıyevin sözlərinə görə, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanan torpaqlarımızın azad edilməsi istiqamətində Prezident İlham Əliyev olduqca böyük işlər görüb, ən müxtəlif beynəlxalq təşkilatların tribunasından Ermənistanın işğalçı olduğunu bəyan edib. Uzun illər diplomatik sahədə də ölkə başçısının əvəzsiz işlər gördüyünü deyən Q.Hacıyevin bildirdiyinə görə, qələbəyə gedən yolumuz çox çətin, amma çox şərəfli olub.
Yadellilərin əli ilə tarixin ayrı-ayrı dönəmlərində parçalanan, bölünən torpaqlarımızın geri qaytarılması məsələsinin hər zaman xalqımızı düşündürdüyünü deyən Q.Hacıyevin fikrincə, Qarabağ torpaqlarının işğaldan azad olunması xalqımıza böyük güc verdi.
“Hesab edirəm ki, torpaqlarımızın işğaldan azad edilməsi faktı, Ali Baş Komandanın xilaskarlıq missiyası, rəhbərlik etdiyi müzəffər ordumuzun qazandığı parlaq zəfər tarixi müasir tarixşünaslıqda ayrıca öyrənilməlidir. Çünki 2020-ci ilə qədər, Türkmənçaydan bu yana biz yalnız Azərbaycan torpaqlarının parçalanması haqqında məlumatlar əldə etmişik. XX əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarının Ermənistana verilməsi, İrəvan xanlığı ərazisində erməni dövlətinin yaranması hadisəsi baş verib. Çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülən ermənilərə bizim ərazilərimizdə dövlət qurulub. Cənab Prezidentin də qeyd etdiyi kimi, İrəvan tarixi Azərbaycan torpağıdır. Bizim tariximiz olduğu kimi yazılmalı və heç bir süniliyə, saxtakarlığa yol verilmədən bütün proseslər təhlil edilməli və real şəkildə tarixdə əksini tapmalıdır.
Ən yeni tariximiz tamamilə obyektiv yazılmalıdır ki, gələcək nəsillər görsünlər ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan hansı böyük tarixi qələbəyə imza atıb. Bütün bunlar tarix kitablarında, ali və orta məktəblər üçün yazılan tarix dərsliklərində öz əksini tapmalıdır. O da qeyd edilməlidir ki, Azərbaycan torpaqlarını parçalayan, bölüşdürən, ərazilərimizi iki yerə ayıran Gülüstan və Türkmənçay müqavilələrindən, ikiəsrlik zamandan sonra məhz müstəqil Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin dövründə torpaqlarımız işğaldan azad olunub, heç bir dövlət başçısının etmədiyini o edib. Qarabağ cəbhəsində qələbə böyük əzəmətlə, hünərlə, qəhrəmanlıqla, böyük diplomatik və siyasi bacarıqla Ali Baş Komandanın öz xilaskarlıq missiyasını yüksək səviyyədə yerinə yetirməsi nəticəsində qazanılıb. Bu bütün detalları ilə tarixşünaslığımızda əks olunmalıdır. Tarixçilərimiz xalqımızın, dövlətimizin zəfər tarixini olduğu kimi, möhtəşəmliyi ilə yazmalıdırlar. Bu tarixi Ali Baş Komandan və onun rəhbərlik etdiyi müzəffər ordumuz yaradıb, onu yazmaq isə tarixçilərin üzərinə düşən böyük və məsuliyyətli vəzifədir” - deyə Q.Hacıyev qeyd etdi.
Q.Hacıyevin fikrincə, 44 günlük Vətən müharibəsində qazanılan qələbələrimiz sənədli və bədii filmlərdə, ədəbiyyatda da öz əksini tapmalı, müxtəlif dillərə tərcümə edilərək beynəlxalq aləmdə təbliğ edilməlidir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.