Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb. Qubadlı rayonuna səfər edən Prezident İlham Əliyev ermənilərin işğal etdikləri ərazilərdə hansı rəzil vəziyyətdə yaşadığına işarə edib:
“Qubadlı rayonunun Muradxanlı kəndi – ermənilər burda yaşayıb. Buranı da dağıdıb. Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir. Baxın, ermənilər it damında yaşayıb, baxın. Erməni faşizminin əməlləri. Bütün dünya görsün bunları. Bu da onların traktoru. Balasoltanlı kəndi - evlərin böyük hissəsi dağıdılıb, amma düşmən bəzi evlərdə qanunsuz məskunlaşma aparmışdır. Bu da hərbi cinayət sayılır. Düşmən bütün bu cinayətlərə görə artıq öz payını alıb, cavabını verib, beynəlxalq müstəvidə də cavabını verəcək. Bizim şanlı ordumuz bu yolla Laçın rayonuna keçmişdir və Laçın rayonunun bir neçə kəndini işğalçılardan azad etmişdir. O cümlədən Güləbird kəndi də ordumuz tərəfindən işğalçılardan azad edilmişdir. Laçın rayonunun cənub hissəsidir. Ordumuz işğalçılardan azad etmişdir. Şimal hissəsi isə Ermənistanın kapitulyasiyasından sonra bizə qaytarıldı”.
Artıq necənci dəfədir ki, Prezident ermənilərin işğal edilmiş ərazilərdə hansı acınacaqlı həyat şəraitində yaşadıqlarına işarə edir. Bununla ölkə başçısı ictimai rəydə Ermənistanın mövqeyinə hansı zərbələri vurmuş olur?
Əslən işğal edilmiş ərazilərdən olan tarixçi alim Səyyar Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun çox böyük təbliğati əhəmiyyəti var: “Müharibədən sonrakı dönəmdə ermənilərin işğal altında saxladıqları ərazilərdə hansı vəhşilikləri törətdiyi ilə bağlı kifayət qədər məlumatlar ictimailəşib. Bu istiqamətdə Azərbaycanın KİV-ləri təqdirəlayiq fəaliyyət göstərib. Diplomatik kanallarla çalışan dairələrin də işini qənaətbəxş saya bilərik. Çünki bir neçə dəfə Prezidentin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə ölkəmizdə akkreditə olunan diplomatların həmin ərazilərə səfəri təşkil edilib. Təbiidir ki, hər bir diplomat gördükləri barədə öz ölkəsinə məruzə edib. Yəni bu müddət ərzində ermənilərin törətdiyi vandallıq kifayət qədər ifşa edilib”.
Tarixçi alimin sözlərinə görə, Prezident İlham Əliyev istər müharibənin getdiyi dönəmdə, istərsə də ondan sonrakı zamanda erməni vəhşiliklərinin ifşası istiqamətində ciddi təbliğat aparıb: “44 günlük müharibə zamanı xarici telekanallara verilən müsahibələri bu qəbildən saya bilərik. Müharibədən sonrakı zamanda isə Prezidentin özünün sükan araxasına keçərək işğaldan azad edilən ərazilərdən çəkilişlər etməsi bu istiqamətdə önəmli rol oynayıb. Həmin çəkilişlərdə ölkə başçısı hamının anlaya biləcəyi, əsl xalq dilində izahatlar verib. Bir neçə dəfə də ermənilərin törətdiyi vəhşiliyə şəxsən işarə edib və hətta onların hansı rəzil vəziyyətdə yaşadıqlarını da nümayiş etdirib”.
Məhəmmədəli QƏRİBLİ