"Zəngilan rayonunda birinci “Ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir və birinci bərpa ediləcək kənd məhz bu kənddir".
Bunu Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyi səfər zamanı səsləndirib. Bəs "Ağıllı kənd" nə deməkdir?
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu ifadə termin olaraq son zamanlar çox səslənir: “İctimai şüura oturuşan bu ifadənin mahiyyəti ilə bağlı vətəndaşlarımız geniş məlumatlara sahib deyil. Əvvəlcə onu qeyd edim ki, bizim üçün əsas hədəf kəndlərimizin, şəhərlərimizin bərpa olunmasıdır. Ən azından, əvvəlki vəziyyətinə qaytarılmalıdır ki, həmin kəndlərdə yaşayan məcburi köçkünlərimiz geri dönsün. Dünyanın inkişaf etmiş ölkələrində kəndlər təhlükəsizlik və infrastruktur baxımından çox mükəmməl təşkil olunur. Kəndlər yüksək optik otürücülüyü olan internet xətləri ilə təmin edilir. Demək olar ki, bütün evlər təhlükəsizlik kameraları ilə təchiz edilir. Kəndlərin məktəbləri və digər infrastruktur obyektləri müşahidə kameraları vasitəsiklə daima nəzarət altında saxlanılır. “Ağıllı kənd” deyəndə, həmin kəndlərin bütün sahələrinin elektron formada təchiz edilməsi nəzərdə tutulur. Bura, eyni zamanda, kəndin yollarının yüksək satndartlara cavab verməsi, müasir məktəb, kitabxana binalarının tikilməsi aiddir. Bu model kəndlərin özünün poçt sistemi olacaq ki, oradan dünyanın istənilən ölkəsinə pul köçürmələri həyata keçiriləcək. Termin olaraq hansısa adın seçilməsi mümkündür. Əsas odur ki, biz işğaldan azad edilən kəndlərimizi çox müasir üslubda bərpa edək. Ümidvarıq ki, yaxın zamanlarda məcburi köçkümlərimiz öz yerlərində məskunlaşmış olacaq. Bir faktı da deyim ki, kəndlər viran olduğu üçün tam yenidən qurulacaq. Bu baxımdan da, orada hansısa yenilikləri etmək, müasirliyi yaratmaq elə də çətin olmayacaq”.
Məhəmmədəli QƏRİBLİ