Erməni tərəfi belə bir məlumat yayıb ki, guya Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşüb. Görüşdə Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rüstəm Muradov və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan iştirak ediblər. Erməni tərəfi görüşdə “əsir və itkin düşmüş şəxslərlə bağlı məsələlərin müzakirə olunduğunu” iddia edib.
Sözügedən görüşlə bağlı hansısa rəsmi məlumat yoxdur. Erməni tərəfi bundan müəyyən spekulyasiya məqsədi üçün istifadə edir. Bununla belə, sosial şəbəkələrdə bəziləri bu görüşü “separatçıların lideri ilə rəsmi danışıqların başlanması” kimi yozublar. Yaxud Azərbaycan hüquq-mühafizə orqanlarının Araik Arutyunyanı axtarışa verdiyi halda, onunla görüş faktının nə məna daşıdığı haqda suallar səslənir.
Bütün hallarda, nəzərə alsaq ki, Azərbaycan separatçı qurumu tanımır, o zaman sözügedən məlumat nə dərəcədə doğru ola bilər? Separatçılarla nə müzakirə oluna bilər ki?
“Əsir və girovlarla bağlı görüş olubsa, bu, Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovla ola bilər”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, separatçılarla rəsmi səviyyədə belə bir görüşün olması ilə bağlı deyilənlər real görünmür: “Ancaq bunun hələlik rəsmi səviyyədə təkzib olunmaması müəyyən müzakirələrə yol açır. Erməni tərəfi separatçı qurumu təbliğ etməkdən ötrü müxtəlif vasitələrdən istifaə edib. Bu, əslində, yeni deyil. Zaman-zaman gah Ermənistan pasportu ilə xaricə səfər edib, hansısa qondarma tədbir keçirib separatçı qurumun adına çıxarıblar, gah da digər vasitələrə əl atıblar. İndi də belə görüntü yaradırlar ki, guya Azərbaycan separatçılarla rəsmi təmaslar qurub. Hesab edirəm ki, əsir və girovlarla bağlı görüş olubsa, bu, Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovla ola bilər. Ola bilsin ki, R.Muradovla bu yöndə humanitar xarakterli görüş keçirilib. Bəlkə də həmin görüşdə separatçıların hansısa təmsilçisi iştirak edib. Ancaq bu, separatçı tərəflə rəsmi görüş anlamına gəlmir. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, humanitar xarakterli hansısa məsələnin müzakirəsi separatçılarla rəsmi görüş demək deyil. İstəsək də, istəməsək də, itkin düşənlərlə bağlı bəzi məlumatları separatçılardan öyrənməliyik. Çünki onlar uzun illər müəyyən ərazilərimizi işğal altında saxlayıblar. Bir sıra dinc insanların girov götürülməsində bilavasitə iştirak ediblər. Girov düşənlərin müəyyən hissəsinin ölməsi və ya yaşaması barədə məlumat yoxdur. Nəzərə almaq lazımdır ki, Ermənistan uzun illərdir azərbaycanlı girovlarla bağlı məlumatları gizlədir. Birinci Qarabağ mühaibəsində girov götürülənlərin Dağlıq Qarabağda saxlandığı barədə məlumatlar var. Hər halda, itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi çox vacib məsələdir”.
Siyasi ekspert onu da qeyd etdi ki, Azərbaycan 44 günlük müharibədə qalib tərəf olduğuna görə hansısa humanitar xarakterli təmas olubsa, bunda qəbahət bir şey yoxdur.
Vidadi ORDAHALLI