Aparılan hesablamalar göstərir ki, ötən il Ermənistanda yoxsulluq səviyyəsi 30 faizə çatıb. Əhalinin alıcılıq qabiliyyəti 5-6 dəfə azalıb. Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin keçmiş müavini Tadevos Avetisyan bildirib ki, Ermənistan əhalisinin sosial vəziyyəti getdikcə ağırlaşır. 2018-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 23,5 faiz, 2019-cu ildə 26,5 faiz olduğu halda, ötən il bu göstərici 29,8 faiz təşkil edib. Cari ildə rəqəmlər daha da böyüyəcək. Avetisyan vurğulayıb ki, ölkə artıq humanitar fəlakətlə üz-üzədir: "Ermənistanın dövlət borcu bu fonda 10 milyard ABŞ dollarına çatıb". Sabiq məmur həmçinin qeyd edib ki, baş nazir Nikol Paşinyan 2020-ci ili ölkənin “çiçəklənmə ili” adlandırmaqla xalqı aldadır, eyni zamanda vətəndaşları alçaldır.
Ekspertlər isə hesab edirlər ki, Ermənistan çıxılmaz durumdadır və bu ölkə yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırdıqdan sonra inkişaf yoluna qədəm qoya bilər. Əslində, mövcud Ermənistan hakimiyyəti artıq Azərbaycanla iqtisadi əlaqələrin bərpasi istiqamətində müəyyən addımlar atır. Eyni zamanda, Ermənistan rəsmiləri Türkiyə ilə sərhədlərin açılmasına dair çağırışlar edir. Ermənistan xarici işlər naziri Ara Ayvazyan bildirir ki, Qarabağda status-kvo dəyişdiyindən sərhədlərin bağlı qalması üçün əsas yoxdur. Düzdür, bəzi qüvvələr buna etiraz edir. Erməni türkoloq Ruben Melkonyan bu xüsusda bildirir: “Hələ diplomatiyanı kənara qoyaq. Ermənistan hakimiyyətində təsadüfi peyda olan insanların düşünülməmiş hərəkətləri nəticəsində bizim praktik olaraq bütün dövlət institutlarımız davamlı şəkildə zəifləyir. Və belə bir hakimiyyətdən, xüsusilə müharibədəki məğlubiyyətindən sonra, xarici siyasətlə bağlı qəliz problemlərin effektiv həllini gözləməyə dəymir”. Ayvazyanın bu yaxınlarda Ankaranın Ermənistanla sərhədləri bağlamaq üçün heç bir səbəbinin qalmadığı barədə verdiyi məlum açıqlamaya münasibət bildirən Melkonyan hesab edir ki, Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmağı yalnız Qarabağ məsələsi ilə əlaqələndirmir: “Türklər bizdən “soyqırımın” beynəlxalq səviyyədə tanınması ideyasından imtina etməyimizi və Türkiyənin ərazi bütövlüyünü tanımağımızı da tələb edirlər”. Lakin Türkiyənin “Habertürk” portalı belə mövqenin indi əhəmiyyət kəsb etmədiyini bildirir. Portal bu xüsusda yazır: “Bu günlərdə Ermənistan cəmiyyətində ən çox araşdırılan və tənqid edilən məsələlərdən biri də Türkiyə ilə sərhəd qapısının açılıb-açılmayacağıdır. Xüsusilə Ermənistan xarici işlər naziri Ara Ayvazyanın parlamentdə çıxış edərkən verilən bir suala “Türkiyənin Ermənistanla sərhədini qapalı tutması üçün artıq bir səbəb yoxdur” şəklində cavab verməsi onsuz da müəyyən ölçülərdə davam etməkdə olan diskussiyanı alovlandırdı. Nazirliyin mətbuat katibi Anna Nağdalyan da “Sərhədi qapadan Ermənistan deyil, bu səbəblə Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı sual öncəliklə Türkiyəyə yönəldilməlidir” deyərək, yüksələn reaksiyaların qarşısını almış oldu.
Verilən reaksiyaların mərkəzində duran yanaşmaya görə, bu dəfə sərhəd qapısının açılması halında Türkiyə siyasi, iqtisadi və ən önəmlisi, psixoloji üstünlük əldə edəcək. Bu yöndə qayğılar artarkən, digər yandan da seçki kampaniyası dövründə sözdə “erməni soyqırımı”nı tanıyacağını söyləyən Baydenin dövründən gözləntilər davam edir. Erməni alimi Arman Qriqoryan qatıldığı bir verilişdə “Türkiyə sərhəd qapısının açılmasına uzun müddət ərzində “xeyr” deməyimizə izn verməyəcək” deyərək, bu məsələ ilə bağlı yekun həmlənin Türkiyənin təşəbbüsünə qaldığını vurğulayır. Hətta bəzi təhlilçilər, Ermənistan bu məsələdə istəkli olduğu halda, sözdə “soyqırımı” iddialarından geri addım atmalı olacağını irəli sürür. Xatırlayırsınızsa, 1993-cü ildə Qarabağ işğal edilərkən Türkiyə tərəfindən birtərfli olaraq qapadılan sərhəd qapısı məsələsi ən son 2009-cu ildə başladılan “yumşalma” səylərinin artdığı dövrdə gündəmə gəlmişdi. O zaman Ermənilərin işğal altındakı bəzi rayonlardan geri çəkilməsi halında əlaqələrin normallaşması ilə bağlı addım atıla biləcəyi danışılmışdı. Ancaq indi ortada artıq bambaşqa bir tablo vardır… Görünən odur ki, 44 gün davam edən savaşdan sonra rayonların hamısının azad edilməsi Türkiyənin Ermənistanla əlaqələrini normallaşdırması ilə bağlı daha əhatəli və çoxyönlü hədəfləri önə çıxarıb. Bunun müəyyən əlamətlərini 10 dekabrda prezident Ərdoğanla prezident Əliyevin birgə keçirdiyi mətbuat konfransında görmüşdük. Həmin konfransda Türkiyə, Rusiya, Azərbaycan, İran, Gürcüstan və Ermənistandan ibarət altılı bir platformanın qurulmasından bəhs edilmiş və regional inteqrasiyanın önəmi vurğulanmışdı. Prezident Ərdoğan belə demişdi: ”İndi bu regional sülhün region ölkələrinə gətirəcəyi yüklər vardır. Bu yüklərdən irəli gələn bir çox infrastruktur, bərpa və quruculuq, siyasi, diplomatik vəzifələr vardır. Bu gün də qardaşıma söylədim, əgər bu məsələ ilə bağlı müsbət addım atılarsa, biz də qapalı olan qapılarımızı açarıq. Yetər ki, addım atılsın, bizim də “Qapılarımızı Ermənistana qapadaq” deyə bir dərdimiz yoxdur. Biz sülhün göyərçini olmaq istəyirik, Ermənistan xalqına bir kinimiz yoxdur, sıxıntı yaradan Ermənistan hakimiyyətidir. Mənim ölkəmdə ermənilər var. Vətəndaşlıq haqqı əldə edəni də var, etməyəni də. Biz onları da qəbul edirik”.
Anlaşılan odur ki, keçmişdə işğal altında saxladıqları torpaqlardan kozır kimi istifadə edən Ermənistan hakimiyyəti 10 noyabr anlaşması əldə edildikdən sonra bu imkanı itirdiyinə görə, Dağlıq Qarabağın tanınması xəyalını nə bahasına olursa-olsun canlı saxlamaq istəyir. Başda “Naxçıvan dəhlizi” olmaqla, atəşkəsin təminatı olan nəqliyyat dəhlizlərinin açılmasında əsas problemlərdən biri Ermənistanın yaşadığı bu dərin ziddiyyət olacaq. Mərkəzi Irəvanda olan bir düşüncə qurumunun direktoru Riçard Kirakosyan Rusiyanın belə öz torpaqlarına uzanacaq bir dəmir yolunun təməlinin atılması düşüncəsilə normallaşmaya getməsi üçün Ermənistana təzyiq edə biləcəyini ortaya qoyur. Ona görə, Rusiya həm Avrasiya İqtisadi Birliyini genişləndirmək üçün, həm də Gürcüstana qarşı bu addımı ata bilər. Açıqcası, Ermənistanın bu yanaşma ilə nə sərhəd qapısının açılmasına, nə də regional inteqrasiyaya lazım olan töhfəni verməsi mümkün olacaq…”.
Tahir TAĞIYEV