Qonşularımız olan İran və Rusiya qarşılıqlı yükdaşıma prosesində Azərbaycan ərazisindən daha çox istifadə etməyə hazırlaşır. Belə ki, bu günlərdə İranın “Dövlət Dəmir Yolları” idarəsinin rəisi Səid Rəsuli ilə “Rusiya Dəmir Yolları” açıq səhmdar cəmiyyətinin rəhbəri Oleq Belozyorov arasında görüş keçirilib. Görüşdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşması istiqamətində həyata keçirilən işlər müzakirə edilib. Tərəflər bu beynəlxalq dəhlizin əsas seqmenti olan dəmir yollarının fəaliyyətini nəzərdən keçirib, yükdaşımaların artırılması haqqında razılıq əldə ediblər. Görüşdə qeyd olunub ki, “Şimal-Cənub” dəhlizi İran, Azərbaycan və Rusiya üçün olduqca əhəmiyyətli xarakter daşıyır və regionun iqtisadi inkişafında mühüm rol oynayacaq.
Bu açıqlamadan bir daha görünür ki, Rusiya və İran qarşılıqlı yükdaşıma həcminin artmasına xüsusi maraq göstərir. Həmin yüklər isə tranzit məkan olaraq Azərbaycan ərazisindən keçir. Deməli, Rusiya və İranın addımları Azərbaycanın tranzit yükdaşımalardan gəlirini daha da artıracaq. Burada bir daha qeyd edək ki, “Şimal-Cənub” dəhlizi çərçivəsində fəaliyyət göstərəcək dəmir yolu Azərbaycan ərazisindən keçərək yükləri tranzit şəkildə Rusiya və Avropaya daşıyacaq. Layihəyə əsasən, yüklər Cənub-Şərqi Asiya ölkələrindən İranın Çabahar, Körfəz ölkələrindən isə Bəndər Abbas limanına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara dəmir yolu ilə yüklər Rusiya və Avropaya daşınacaq. Bu marşrutun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Dəmir yolunun bu hissəsi də tikilib başa çatdıqdan sonra yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə daşınacaq. İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami də qeyd edir ki, Azərbaycan üzərindən yüklərin tranzit olaraq daşınması “Şimal-Cənub” dəhlizinin fəaliyyətini genişləndirəcək. O bildirib ki, İran Azərbaycan üzərindən yükdaşımaları həyata keçirəcək ki, bu da yalnız İran və Azərbaycan üçün deyil, eyni zamanda, digər region ölkələri üçün də faydalı olacaq: “Bununla da dövlətlər arasında iqtisadi-ticarət əlaqələri inkişaf etməklə gəlirləri artıracaq”. Nazir qeyd edib ki, Astara şəhərində avtomobil yükləri üçün yeni terminalın və Astaraçay üzərində yeni körpünün inşa edilməsi üzrə Azərbaycanla razılıq əldə olunub. Bu körpü İranın Ərdəbil-Astara-Rəşt magistral yolu ilə Azərbaycanın Bakı-Ələt-Astara magistral yollarını birləşdirəcək. İki dövlətin avtomobil yollarının birləşməsi yükdaşımaları asanlaşdırmaqla, onların həcmini də artıracaq.
Burada digər bir mühüm məqam odur ki, “Şimal-Cənub” dəhlizindən artıq qardaş Türkiyə də istifadə etməyə başlayıb. Belə ki, Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə başlanılıb. Bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb. Qatar Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə bu günlərədə Vorsino stansiyasına çatıb. 15 konteynerdən ibarət qatar ümumilikdə 4650 kilometr yol qət edib. Konteynerlərdə Rusiyaya 4 min ədəd Türkiyə istehsalı olan məişət cihazı çatdırılıb. Qatar Bakı–Tiflis–Qars dəmir yolu və “Şimal–Cənub” dəhlizi vasitəsilə hərəkət edərək təyinat stansiyasına çatıb. Bu da “Şimal-Cənub” dəhlizinin nə dərəcədə mühüm əhəmiyyətə malik olduğunu bir daha nümayiş etdirir.
Xatırladaq ki, Beynəlxalq “Şimal–Cənub” dəhlizi Hindistan, İran, Əfqanıstan, Azərbaycan, Rusiya, Ermənistan, Orta Asiya və Avropa arasında yüklərin daşınması üçün 7 200 kilometr uzunluğundakı multimodal gəmi, dəmir yolu və avtomobil yolları şəbəkəsidir. Dəhliz Şimali Avropanı Azərbaycan, Rusiya, İran üzərindən Şərqi Asiya ilə birləşdirəcək. İlkin mərhələdə dəhlizdən illik 5 milyon ton yükün daşınması gözlənilir. "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Ekspertlər qeyd edir ki, bu dəhliz Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin, bununla da ölkəmizin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artmasına imkan verəcək. Çünki quru nəqliyyatı həm də Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya ediləcək. Azərbaycan, ümumiyyətlə, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin reallaşmasında aktiv şəkildə iştirak edib. Ölkəmizin coğrafi mövqeyi və nəqliyyat infrastrukturu beynəlxalq yükdaşımaların həcmini, o cümlədən qeyri-neft məhsullarının nəqlini artırmağa imkan verir.
Nahid SALAYEV