Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib. Prezident İlham Əliyev iclasda çıxış edib. Prezident çıxışı zamanı hamını Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması münasibətilə təbrik edib: “…Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var. Həmin plan və ideyalar bugünkü iclasda mütləq müzakirə ediləcəkdir”.
Prezident bildirib ki, şirkətlər bu layihəyə güclü sadiqlik nümayiş etdirməsə idi, onun reallaşması mümkünsüz olardı: “Burada həqiqətən də bu nəhəng enerji layihəsinin həyata keçirilməsi ilə bağlı vahid ideya ətrafında toplaşmış şirkətlərdən ibarət böyük bir qrup mövcuddur. Bu mənada, mən Azərbaycan və BP arasında strateji tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. BP bizim strateji tərəfdaşımızdır, 27 ildir ki, Azərbaycanda fəaliyyət göstərən şirkətdir və qarşıda hələ neçə onilliklər ərzində əməkdaşlığımız var. Buraya Azərbaycanda neft və qaz sahəsi, o cümlədən resursların nəqli ilə bağlı bütün əhəmiyyətli layihələr daxildir.
Buradan aparıcı beynəlxalq maliyyə təsisatlarına – Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına və Asiya İnfrastruktur İnvestisiya Bankına təşəkkürümü bildirmək istəyirəm. Bu beş böyük beynəlxalq maliyyə institutu layihədə iştirak etmiş və onun həyata keçirilməsinə mühüm töhfələr vermişdir. Bu, bir daha onu nümayiş etdirir ki, komanda şəklində aparılan iş yaxşı nəticə verir. Biz əhəmiyyətli irəliləyişə nail olmuşuq. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur”.
Göründüyü kimi, ölkə başçısı bu meqalayiənin ərsəyə gəlməsində komanda işinin faydasını xüsusilə qabardıb. Bu maraq balansları üstündə vahid komandanın formalaşmasında Azərbaycan diplomatiyasının rolunu necə qiymətləndirmək olar?
“Azərbaycan diplomatiyası bu mühüm işin öhdəsindən layiqincə gələ bilib”
Beynəlxalq idarəetmə üzrə ekspert Asif İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, 2014-cü ildə bu layihənin təməli qoyuldu və uğurla icra edildi: “Layihə uğurla, vaxtında icra edilərək 2018-ci ildə rəsmi açılışı oldu. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı əhatə edən layihəyə start verib, onun təşəbbüskarı olub. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır. Cənub Qaz Dəhlizi layihəsi tərəfdaşlarının iştirakı ilə Bakıda keçirilən Məşvərət Şurası çərçivəsində nazirlərin bütün toplantılarında Azərbaycanın səyləri dünya enerji bazarına töhfələr verən və layihələrin şaxələndirilməsində təşəbbüskarlğı ilə fərqlənən tərəfdaş kimi dəyərləndirilir”
Ekspert hesab edir ki, Cənub Qaz Dəhlizinin icrası həm də Azərbaycanın enerji diplomatiyasının növbəti təntənəsidir: “Çünki belə bir komandanı bir amal ətrafında toplamaq asan iş deyildi. Azərbaycan diplomatiyası bu mühüm işin öhdəsindən layiqincə gələ bilib. Çünki bizim təşəbbüskarı olduğumuz layihədə risq faktorları da olub. Bir çox ölkələri inandırıb. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda, şübhəsiz ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq, ölkəyə investisiya axınını gücləndirəcək. Neft-qaz ixracından əldə olunan gəlirlər regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından irəli gələn tapşırıqların icrasına yönəldilir. Nəzərə alaq ki, İkinci Qarabağ müharibəsində Zəfərimiz Böyük Qayıdışa yol açdı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinə start verilib. Bu ərazilərin malik olduğu imkanlardan səmərəli istifadə daim öz aktuallığını qoruyan iqtisadiyyatın şaxələndirilməsini daha da sürətləndirəcək".
Məhəmmədəli QƏRİBLİ