Məlum olduğu kimi, fevralın 11-də Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirildi. Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi və regional təhlükəsizliklə bağlı mühüm mesajlar verdi.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tiflis-Ərzurum) genişləndirilməsi, həmçinin, Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. Bu layihədə Azərbaycan təşkilatçı kimi çox böyük rol oynayıb.
Bütövlükdə, belə belə bir layihənin istifadəyə verilməsi böyük hadisədir. Çünki CQD Avropanın, xüsusən də Balkan ölkələrinin enerji təchizatında çox əhəmiyyətli rola malikdir. Müşahidələr göstərir ki, CQD istifadəyə veriləndən sonra Avropa ölkələrində yeni qaz təchizatı layihələrinin həyata keçirilməsi üzərində müzakirələr başlayıb. Bu baxımdan məsələyə yanaşdıqda CQD-nin istifadəyə verilməsi Avropanın yeni qaz təchizatı layihələrinin inkişaf etdirilməsinə öz töhfəsini necə verəcək? Yəni Avropanın qaz təchizatı məsələsində yeni layihələrinin həyata keçirilməsində, ərsəyə gəlməsində bunun hansı təsiredici rolları mümkündür və olacaq?
“Çox güman ki, Avropa İttifaqı Türkmənistan qazının yeni təchizat mənbəyi rolunda iştirak etməsinə çalışacaq”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, CQD mütləq yeni qaz təchizatı mənbələrinin həyata keçirilməsinə stimul verəcək: “Çünki CQD unikal bir layihə olmaqla yanaşı, Avropa dövlətlərinin bu kimi məsələlərdə inamını artırdı. Məsələ ondadır ki, Avropa dövlətləri Rusiyadan yan keçən kəmərlərə sərmayə qoymaqda ehtiyat edirdilər. Azərbaycanın 30 ilə yaxındır yeritdiyi müstəqil xarici siyasəti bu stereotipləri zamanla aradan qaldırdı. Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft kəmərləri, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri buna əyani sübutdur. Məhz bundan sonra Avropa İttifaqı CQD-nin həyata keçirilməsi ilə bağlı səylərini sürətləndirdi. “Nabukko” layihəsinin iflasa uğraması Avropada müəyyən tərəddüdlərə səbəb oldu. Ancaq CQD-nin ərsəyə gəlməsi bu tərəddüdlərə birdəfəlik son qoydu. Çox güman ki, Avropa İttifaqı Türkmənistan qazının yeni təchizat mənbəyi rolunda iştirak etməsinə çalışacaq. Çünki bu ölkənin çox böyük qaz ehtiyatları var. CQD-nin keçdiyi ölkələrdə sabitliyin olmasını nəzərə alsaq, Aİ çalışacaq ki, türkmən qazı Azərbaycan vasitəsilə bazara çıxsın”.
Ekspert hesab edir ki, Aİ digər təchizat mənbələri də axtaracaq.
Vidadi ORDAHALLI