Daşnaksütyun Partiyası Ermənistan hakimiyyətinin Türkiyə ilə sərhədlərin açılmasına dair bəyanatına qarşı çıxıb. Bu barədə şovinist Daşnaksütyun Partiyasının açıqlamasında qeyd edilib. Partiyanın mərkəzi şurası Ermənistan Xarici işlər naziri Ara Ayvazyanın “Qarabağda status-kvonun zorla dəyişdirilməsindən sonra Ankaranın Türkiyə-Ermənistan sərhədlərini blokda saxlamasının heç bir səbəbi yoxdur” bəyanatını əsassız sayıb.
Daşnaksütyun bu mövqeyi problemli hesab edir, düşünür ki, Ermənistan hakimiyyəti ikinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə barışmaq istəyir.
Partiya Ayazyanın bu sözlərini Ermənistan hökumətinin Qarabağ ermənilərinin təhlükəsizliyinin “qarantı” öhdəliyindən imtina etməsi kimi qiymətləndirir. Şübhələnir ki, hökumət Ermənistanı blokadada saxlamaq üçün səbəb olmadığını söyləməklə “Soyqırımı” və “təzminat” məsələsini faktiki unutdurur.
Türkiyənin son müharibədə Azərbaycanı birmənalı dəstəklədiyini xatırladan daşnaklar, həmçinin, nazir Ayvazyanın mövqeyinin diaspor strukturları ilə Ermənistan Xarici İşlər Nazirlyi arasında koordinasiyanın pozulması baxımından təhlükəli olduğu qənaətinə gəlir.
Göründüyü kimi, şovinist partiya Türkiyə ilə sərhədlərin açılmasından gələ biləcək ziyanı dünyadakı erməni diasporu ilə münasibətlərin korlanacağı ilə izah edir.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, daşnakların bu narahatlığının ciddi əsasları var: “Ermənistan rəsmi səviyyədə Türkiyə ilə sərhədlərin açılmasının zəruri olduğunu qeyd edirsə, demək ki, reallığı dərk edib. Onlar başa düşüblər ki, ənənəvi siyasətin heç bir faydası yoxdur. Ermənistanın kommunikasiyalara qoşulması onun iqtisadi vəziyyətini çox yaxşılaşdıra bilər. Daşnaklar isə bu addıma köklü ideologiyalarına görə qarşı çıxırlar. Bilirsiniz ki, onların partiyasında şovinizm hakimdir. Ən əsası da antitürk mövqeyi ilə seçilirlər. Dünyadakı erməni diasporu da bu amala qulluq edir. Yəni dünya ermənilərində daha çox dövlətçi yox, daşnak düşüncəsi hakimdir. Bu səbəbdən də Ermənistandakı daşnakların maliyyəsi hər zaman diaspordan gəlib. Bununla bir daha sübut edirlər ki, onları ölkədə yaşayan vətəndaşların rifahından daha çox, utopik zərərli ideyalar düşündürür. Düşünürəm ki, daşnakların bu cəhdi səmərə verməyəcək. Çünki erməni vətəndaşları hazırda utopik ideyalardan daha çox, yaxşı güzərana sahib olmaq maraqlandırır. Bunun üçün də ən ideal yol sərhədlərin açılmasıdır”.
Məhəmmədəli QƏRİBLİ