Cəmiyyətimizin təhlükəsiz həyat ritminə daha tez qayıtması üçün bütün vətəndaşların vaksinasiyaya cəlb olunması, vətəndaş məsuliyyəti önəmlidir. Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələrdəndir.
Baxmayaraq ki, bir çox inkişaf etmiş ölkələrdə vaksin tapılmır. Bir çox Qərb dövlətləri Avropa istehsalı olan vaksinləri inhisara götürüb. Bu da, sözsüz ki, açıq narazılıqlar yaradan bir haldır. Dünya ölklərinin bir çoxu buna səssiz qalsa da, bu bölgüyə Azərbaycan tərəfindən açıq etiraz edilib. Bu vəziyyətə ilk etiraz edən dövlət başçılarından biri də məhz İlham Əliyev olub. Yaranmış vəziyyətlə bağlı ekspertlər nə düşünür?
“Sağlamlığa Xidmət” İctimai Birliyinin icracı direktoru Pərvanə Vəliyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünya miqyasında yoluxma hallarında azalma müşahidə olunmağa davam edir: “Keçən həftə ilə müqayisədə 17 faiz azalma var. Ölənlərin sayında isə əvvəlki həftədə 10 faiz azalma müşahidə olunur. İndi itirilən hər bir həyat daha faciəlidir, çünki peyvəndlər artıq istehsal olunur. Virus geniş yayılmağa davam edir və yeni variantlar ortaya çıxır. Bu gözlənilən idi. Hər dəfə virus mutasiyaya uğrayanda bu, dünyanın istənilən yerində mövcud peyvəndlərin, dərmanların və testlərin effektivliyini itirməsi deməkdir. İngiltərə istehsalı “AstraZeneka” adlı peyvəndin virusun mutasiyası üzərində effektsiz olduğu müəyyən edildi. Ancaq peyvəndin həmin mutasiyaya uğramış COVİD-19 variantının yaratdığı ağır xəstəliyin qarşısını almağa davam edib-etməyəcəyi hələ bilinmir. Bu baxımdan peyvəndlərin ədalətli və sürətli tətbiqi çox önəmlidir. ÜST bütün ölkələri COVAX müqavilələrinə hörmətlə yanaşmağa və onlarla rəqabət etməməyə çağırır. Bəzi ölkələr ikitərəfli müqavilələr imzalamağa davam edir, digər aşağı gəlirli ölkələrdə isə ümumiyyətlə heç bir müqavilə yoxdur. Bir neçə gün öncə ABŞ-ın “ACT Accelerator”- peyvəndlərin ədalətli bölgüsü üzrə yaradılmış quruma qoşulması ilə, düşünürəm ki, ədalətli bölgü məsələsində ABŞ-ın təkidi önəmli rol oynayacaq”.
Ekspertin sözlərinə görə, ÜST ildə iki dəfə yenilənən qrip peyvəndləri kimi CV-19 -a qarşı peyvəndin təsirli qalması üçün peyvəndlərin rutin cədvələ uyğunlaşdırılmasına hazır olmağımızı zəruri sayır: “O cümlədən, peyvəndlərin həcmini artırmaq üçün istehsalat da təcili sürətlənməlidir”.
Göründüyü kimi, Azərbaycanın peyvəndlərin ədalətsiz bölünməsi ilə bağlı məsələyə Prezident səviyyəsində etiraz etməkdə tam haqlı olduğu üzə çıxdı. Çünki yaranmış vəziyyət dünyadakı insanların sağlamlığı üçün ciddi təhdid yaradıb.
Məhəmmədəli QƏRİBLİ