Uzun illərdir Ermənistan hökumətinin basqısı altında olan erməni mediasına qarşı olan qadağaların miqyası get-gedə böyüyür. Ermənistan hökuməti bütün vasitələrdən istifadə edərək bu ölkədə söz və fikir azadlığını boğur, daim təzyiq altına saxlayır. Ümumiyyətlə, bu ölkədə söz və mətbuat azadlığı yoxdur. Ermənistanda söz və mətbuat azadlığının boğulmasının nəticəsidir ki, bu ölkədə mətbuata Azərbaycanla sərhəd bölgələrdən yazmaq qadağası tətbiq edilib.
Erməni KİV-nin yazdığına görə, Ermənistan mətbuatı bundan sonra Azərbaycanla həmsərhəd Sünik vilayətinin bölgələri barədə xəbər yazmaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətindən xüsusi razılıq almalıdır. Bu qadağa xidmətin yerli mətbuata ünvanladığı müraciətində yer alıb.
Müraciətdə qeyd olunur ki, mətbuat nümayəndələri sərhədyanı bölgələr barədə yazmazdan əvvəl Milli Təhlükəsizlik Xidmətinə yazılı müraciət etməli olacaqlar.
Ermənistanda mediaya qarşı konkret senzuranın tətbiq edilməsi bu ölkədə mətbuat azadlığının boğulmasının çoxsaylı nümunəsindən biri kimi diqqəti çəkir.
Ermənistan hökumətini əndişələndirən nədir ki, mətbuata qarşı belə senzura tətbiq edib?
“Bərpa prosesi erməni mediasının da diqqətindən qaçmayacaq və bu səbəbdən...”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev hesab edir ki, son dövrlər Ermənistanda baş verən hadisələr, 44 günlük müharibə nəticəsində Ermənistanın məğlub olması Azərbaycanın gücünün göstəricisi olmaqla yanaşı, həm də Ermənistan, bütövlükdə isə ermənizm, xaricdəki erməni lobbisi üzərində qələbəsi oldu. “Təbii ki, 10 noyabr bəyanatından sonra Paşinyan öz ölkəsinin durumunu yaxşı anlayırdı. Bilirsiniz ki, müharibədə düçar olduğu məğlubiyyətdən sonra Paşinyana qarşı müxtəlif etirazlar var, bu etirazlar bu gün də davam edir. Paşinyan da istəmir ki, hakimiyyətdən getsin. Paşinyan hökuməti də mətbuata qarşı tətbiq etdiyi senzura ilə həm söz və mətbuat azadlığını boğur, həm də onlardan gələn təhlükəni azaltmaq istəyir. O ki, qaldı Azərbaycanla sərhəddə yerləşən Süniklə bağlı informasiya hazırlamaq üçün medianın Milli Təhlükəsizlik Xidmətindən xüsusi icazə almasına, burada hər şey aydındır. Sünik vilayətindən hər hansı bir reportaj, məqalə hazırlayan, çəkiliş aparan erməni mediası nümayəndələri Azərbaycanın azad ərazilərində gedən tikinti-quruculuq, bərpa işlərini görəcəklər, istər-istəməz, bunu da informasiyalarında qeyd edəcəklər. Ermənistan hökumətinin və erməni lobbisinin uzun illərdir Azərbaycan haqqında uydurduqları yalanlar, miflər darmadağın ediləcək. İndiyə qədər onlar Azərbayan xalqını ermənilərə qarşı düşmən olaraq qələmə verirlər, bu özünü doğrultmayacaq. Erməni mediası görməyə başlayacaq ki, Azərbaycan necə tolerat, multikultural, başqa xalqların dininə, mədəniyyətinə, adət-ənənələrinə, dəyərlərinə hörmət edən bir dövlətdir. Azad edilən ərazilərimizdə Azərbaycan dövlətinin aparacağı tikinti, quruculuq işləri, bərpa prosesi erməni mediasının da diqqətindən qaçmayacaq və bu səbəbdən də Ermənistan hökuməti mediaya qarşı bu cür senzura tətbiq edir. Bu həm də onunla bağlıdır ki, 30 il müddətində Ermənistanın Azərbaycanla bağlı uydurduğu mifologiyanın – “azərbaycanlılar düşməndir, onlarla bir yerdə yaşamaq olmaz”ın üstündən bir xətt çəkə bilər. Erməni mediasına bu senzura ona görə tətbiq edilib ki, onlar Azərbaycanın uğurlu işlərini görəcəklər və öz hökumətlərinə 30 il müddətində səhv yol tutduqlarını deyəcəklər. Onlar dərk edəcəklər ki, qanunlar çərçivəsində Azərbaycanla münasibətlər onlara çox şey verə bilərdi, amma Ermənistanın işğalçılıq siyasəti buna mane olub. Ermənistan hökuməti qətiyyən istəmir ki, azad olunmuş ərazilərimizdə Azərbaycanın həyata keçirdiyi uğurlu layihələr, gördüyü işlər bu ölkənin daxilində yayılsın və təbliğ olunsun. Ermənistan daxilində Azərbaycanla bağlı yayılan müsbət xəbərlər Paşinyan hökumətinə qarşı etirazları daha da gücləndirə bilər. Hesab edirəm ki, bu senzura da bundan irəli gələn məsələdir. Azərbaycanla sərhəd Sünikdən informasiya yayılmasının məhdudlaşdırılıması, xüsusi icazə əsasında həyata keçirilməsi ilə məsələ bitmir”.
Ş.Ağayev qeyd edir ki, biz XXI əsrdə yaşayırıq, dünya texnologiyalarla idarə olunur, bu baxımdan, Ermənistan vətəndaşları da erməni mətbuatından olmasa da, başqa ölkələrin mətbuatından istifadə etməklə bütün proseslərlə tanış olacaq, Azərbaycanın uğurları haqda məlumat əldə edəcəklər: “Fikrimcə, bunun qarşısını almaq Ermənistan hakimiyyəti üçün tam mümkün olmayacaq. Bu qadağa qısa müddət çəkə bilər və heç bir effekt verməyəcək”.
Ş.Ağayev, həmçinin, vurğuladı ki, Ermənistan hökumətinin bu addımı həm də bu ölkədə söz və mətbuat azadlığının hansı səviyyədə olmasının göstəricisidir.
İradə SARIYEVA