ABŞ və Türkiyə arasında “S-400” zenit-raket kompleksləri (ZRS) ilə bağlı ziddiyyətlər hələ də davam etməkdədir. Bu fonda bir neçə gün əvvəl “Bloomberg” agentliyi belə bir məlumat yaymışdı ki, Türkiyə “S-400” havadan müdafiə sistemləri ilə bağlı ABŞ-a güzəştə getməyə hazırdır.
Agentlik qeyd edib ki, türkiyəli iki səlahiyyətli şəxs ölkəsinin güzəştə getməyə hazır olduğunu, ancaq bunun qarşılığında Qərbin PKK-ya dəstəyə son verməli olduğunu vurğulayıb. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “S-400”-lə bağlı son açıqlamasında Rusiyadan sistemlərin alınmasının ilk mərhələsinin tamamlandığını, ikinci mərhələ üçün danışıqlar aparıldığını bildirmiş və həmkarı Vladimir Putinlə bu ayın sonunda görüşəcəyini, bir çox məsələləri gündəmə gətirəcəyini bəyan etmişdi. Baş verənlərlə bağlı Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır: “Türk səlahiyyətlilər Rusiyanın “S-400” zenit-raket komplekslərinin istifadəsi ilə bağlı ABŞ administrasiyasına güzəştə getməyə hazırdır. Ancaq güzəşt qarşılığında Ankara Suriyanın şimal-şərqindəki kürd silahlı qruplarına dəstəyin dayandırılmasını tələb edib. Mahiyyət sövdələşmənin icrası ilə bağlıdır. Türkiyənin müdafiə naziri Hulusi Akarın açıqlamaları ölkəsinin Rusiya ZRS-lərindən istifadədə “yunan variantı”ndan razı qalacağını açıq şəkildə göstərir. Ankaranın həm NATO müttəfiqi ilə davamlı hərbi-texniki iş birliyinə, həm də öz iqtisadiyyatının sabitliyinə ehtiyac var.
Bununla birlikdə, Türkiyə tərəfi prezident Cozef Bayden rəhbərliyinin “Suriya Demokratik Qüvvələri” (SDQ) ittifaqının əsas elementi olan PKK-ya bağlı YPG-yə dəstəyini dayandırmasını istəyib. Ağ Ev rəhbəri sələfinin Suriya strategiyasını yenidən qiymətləndirə və kürd birləşmələrinə yardımı artıra biləcəyini bir neçə dəfə iddia edib. Bu cür barışıq addımları Türkiyə ilə hərbi-texniki əməkdaşlıq planları olan Rusiya tərəfi ilə problemlər yaradacaq. “Middle East Eye” nəşrinin bəzi türk mənbələrinə görə, Ankara və Moskva ikinci “S-400” partiyasının tədarükü ilə bağlı danışıqları artıq başa çatdırıb və onun davamı üçün yalnız Türkiyə rəhbərliyinin imzası tələb olunur. “Middle East Eye” ilə söhbətində yüksək səviyyəli bir türk rəsmisi Ankaranın son dərəcə çətin bir vəziyyətdə olduğuna diqqət çəkib, çünki Rusiya yalnız tədarükün ikinci partiyası halında Türkiyənin bu qədər ehtiyac duyduğu texnologiya transferi və ortaq istehsala razı olub. Ankara NATO müttəfiqi ilə özünəməxsus şəkildə uzlaşma görür.
“Hürriyet” qəzetinə açıqlamasında Akar Türkiyənin amerikalılarla Rusiya istehsalı olan silahlardan istifadənin “Krit modeli” mövzusunda danışmağa açıq olduğunu qeyd edib: “Kritdəki “S-300” modelinə oxşar danışıqlara başlayacağıq”. Yunanıstan 1990-cı illərdən bəri, “S-300” də daxil olmaqla, bir neçə Rusiya istehsalı zenit-raket kompleksinə sahibdir. Medianın yazdığına görə, son 20 ildə bu hava hücumundan müdafiə sistemləri Kritin şərqində yerləşdirilib və adanın ətrafında 280 km radiusda keşik çəkir. Eyni zamanda, müdafiə naziri vurğulayıb: “Ankara və Vaşinqton arasındakı gərginliyi amerikalıların YPG ilə təmaslara son qoymaq istəyi olmadan həll etmək mümkün deyil. ABŞ ilə münasibətlərimizdəki ən həssas məsələ Suriyada PKK-nın qolu olan kürd birliklərinə verdiyi dəstəkdir. Əlbəttə, ABŞ-la “S-400” haqqında söhbətimiz çərçivəsində bir həll tapa bilərik, ancaq kürd bölmələri ilə bağlı həqiqətləri nəzərə alacaqlarını gözləyirik. Çözüm tapa bilmiriksə, münasibətlərdə irəliləyə bilmərik”.
Bu ay ABŞ-ın Türkiyədəki səfiri David Satterfild ölkəsinin “S-400”lə bağlı problemi həll etmək üçün işçi qrupu yaratmaq barədə düşünməyəcəyini bildirib: “Vurğulamaq istərdim ki, işçi qrupu yoxdur və olmayacaq. Bu, Amerika qanunlarına (“Sanksiyalarla Amerika Düşmənlərinə Qarşı Mübarizə haqqında” qanunu – CAATSA) uyğunluq məsələsidir. “S-400” probleminin həll ediləcəyinə ümid edirik, amma bu mümkün deyilsə, işimizi tətbiq etdiyimiz sanksiyalardan birbaşa təsirlənməyən bütün sahələrə yönəltməyə davam edəcəyik”. Diplomat Vaşinqtonun Ankaraya qarşı sanksiyalar tətbiq edilməsinə “peşmanlıqla” getdiyini vurğulayıb. “Geopolitical Cyprus” analitik layihəsinin həmtəsisçisi İoannis İoannu bildirir: “Krit modeli” ilə bağlı açıqlama NATO-ya üzv olmayan Kiprin “S-300” raket sistemini əldə etdiyi və Türkiyənin müharibə ilə təhdid etdiyi 1998-1999-ci illər böhranına işarədir. Danışıqlardan sonra silahlar Yunanıstana verilib. Türkiyənin “Krit modeli” və “S-400”, ABŞ və Türkiyə arasındakı problemli münasibətlərdə sistemlərin əhəmiyyəti nəzərə alınarsa, realist bir ssenaridir. Bunun necə işləyəcəyi və bu böhrandakı bütün iştirakçılar üçün məqbul bir köçürmə yeri tapmağın mümkün olub-olmadığı sual olaraq qalır. Ankara bu açıqlama ilə ABŞ-a bir siqnal göndərib”. Ekspert hesab edir ki, Türkiyə “S-400”ün başqa bir dövlətə verilməsini istisna etmir. Onun sözlərinə görə, Azərbaycan “S-400”ün ev sahibi ola bilər: “Türkiyə artıq “S-400”-lərə sahib ola bilməyəcəyinə qərar verərsə və bunları öz ərazilərindən çıxarmaq lazım gəlsə, bu baş verəcək”.
Xatırladaq ki, “S-400”lər aerodinamik təyyarələr və idarə olunan raketlər kimi düşmən hədəflərini 400 kilometr mənzildə təqib edərək 250 kilometr məsafədə məhvetmə imkanlarına sahibdir. Səsdən 5-8 dəfə artıq sürətlə hərəkət edən ballistik raketləri məhv etmək potensialı isə 60 kilometrdir. Havada vura biləcəyi hədəflərin yüksəklik həddi 27 min metrdir. Sistemin radarı eyni anda 300 hədəfi təqib etmək xüsusiyyətinə malikdir. Batareyalardakı raketlərin sayına görə 36 hədəfə eyni anda atəş aça bilir. Tamamilə mobil olan sistem atəş vəziyyətinə 5 dəqiqə kimi qısa vaxtda gətirilir. Bundan əvvəl də Türkiyə mətbuatında iddialar səslənib ki, “S-400” hava hücumundan müdafiə sistemləri Azərbaycan ərazisində yerləşdirilə bilər.
Nahid SALAYEV