Ötən il dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin məbləği məlum olub. Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda qeyd olunub.
Bildirilir ki, 2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat maliyyə yardımı ayrılıb.
Siyasi partiyalar aldıqları bu məbləğin qarşılığında ortaya sanballı bir iş qoya biliblərmi?
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, partiyaların inkişafına bu üsulla nail olmaq mümkün deyil: “Bunun üçün siyasi partiyaların cəmiyyətdəki rolu artmalıdır. Ölkə başçısının özü də çıxışlarında deyib ki, yeni siyasi konfiqurasiyanın formalaşmasının tərəfdarıdır. Hətta parlamentin idarəetməsində belə müxalifətin təmsilçiliyinə normal yanaşdığını dedi. Bunun üçün də partiyaların aşağıdan yuxarıya formalaşması getməlidir. Söhbət siyasi partiyaların seçkili sistemlərdə təmsilçiliyindən gedir. Partiyalar bələdiyyələrdə və parlamentdə çox olmalıdır. Bunun üçün də proporsional seçki sisteminin bərpası lazımdır. Sizin dedyiniz rəqəmi onu alan partiyaların sayına böləndə normal məbləğ alınır. Hazırda partiyaların qeydiyyata alınması, onların ofislə təmin edilməsi ilə bağlı normal proses gedir. Çoxpartiyalı sistemin inkişafı olmalıdır ki, parlamentə yeni qüvvələr düşsün. Yoxsa mandat sayına görə büdcədən maliyyələşməyi öyrənən partiyalardan biz heç bir irəliləyiş görməyəcəyik. Biz maliyyə alan partiyaların yerli təşkilatlarının ciddi əsaslarla formalaşdığını görmürük. Yəni ayrılan pula uyğun bünövrə qoyulmayıb”.
Partiya sədrinin sözlərinə görə, proporsional sistem inkişaf etmədiyi üçün həmin vəsait bəzi partiyalara sanki mükafat kimi verilir: “Bu proses baş versə yeni mənzərə yaranacaq. Proporsional seçki sistemi partiyalara marağı artıracaq. Partiyalar daha ciddi işləməyə məcbur olacaq ki, adlarına görə yer alsınlar. Bu da əsl fəal partiyaların parlamentdə təmsilçilityinə yol açacaq. O halda büdcədən ayrılan maliyyələşmə onlara da şamil ediləcək. Bu da siyasi plüralizmi inkişaf etdirəcək. Açığını deyim ki, inkişaf hədəfə çatana qədər daha aydın hiss olunur. Bizdə, hələ ki, öz hədəfinə çatan partiya demək olar yox səviyyəsindədir. Belə olmasaydı, parlamentdə təmsilçilik böyük əksəriyyətlə partiya sədrləri səviyyəsində olmazdı”.
Məhəmmədəli QƏRİBLİ