Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı 44 günlük müharibənin səbəbləri və şərtləri ilə əlaqəli faktları toplamaq üçün komissiya yaradılması ilə bağlı sualı cavablandırıb. Erməni KİV-i xəbər verir ki, komissiyanın yaradılması təşəbbüsü "Parlaq Ermənistan" partiyasının lideri və eyniadlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan tərəfindən irəli sürülüb. Paşinyan isə bildirib ki, Marukyan bu mövzunu müzakirə etmək üçün dəvət olunub, ancaq gəlməyib.
Onun sözlərinə görə, hazırda Qarabağ müharibəsi ilə bağlı bu və ya digər şəkildə 1000-dən çox cinayət işi başlanıb. Paşinyan, həmçinin əlavə edib ki, müharibə ilə bağlı bütün həqiqətlərin bilinməli olduğu ilə razılaşır, amma artıq bir çox şərtlər müzakirə edilib. Baş nazir, bununla belə, təklifi nəzərdən keçirəcəyini deyib. Müharibə xəyanaətlərinin araşdırılmasını tələb etməklə müxalifət nəyə nail olmaq istəyir?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu: “Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünəinamını qaytardı. Ermənistanda isə vəziyyət tam fərqlidir. Onlar məğlub ölkədir. Məğlubiyyətin səbəblərini araşdırmağa cəhdlər edirlər. Ancaq görünən budur ki, siyasi qüvvələr bu faktordan öz maraqlarına uyğun istifadə etmək istəyir. Paşinyan bu məğlubiyyətlə bağlı xəyanət amilini öz opponentlərinin üzərinə atmaq istəyir. Müxalifət də bunu Paşinyana yönəldir. Müharibədən dərhal sonra Ermənistan hakimiyyətindəki rəhbərlər ordunun döyüş meydanından necə qaçdığına dair açıqlamalar verdilər. Görünən budur ki, burda məqsəd heç də tarixə işıq saçmaq deyil. Sadəcə, bu xəyanət damğasından siyasi rəqiblər bir-birinə qarşı istifadə etmək istəyir. İstənilən araşdırma məsələnin mahiyyətini qətiyyən dəyişmir. Ermənilər tarixin ən sərt dərsini məhz həmin 44 gün ərzində aldılar”.
Məhəmmədəli QƏRİBLİ