Qarabağ ermənilərinin dini nümayəndəsi Vrtanes Abrahamyan Kəlbəcərdəki Xudavəng monastırına buraxılmamaları ilə bağlı məsələyə münasibət bildirib. Din xadimi əvvəlcə sülhməramlılara ziyarətçi sayını təqdim etdiklərini deyib.
Siyahıda həftə ərzində təxminən 25-30 nəfərin monastıra ziyərətə gələcəyi qeyd olunub. Lakin bu müraciət Xudavəngi ziyarət etmək üçün yetərli hesab edilməyib. Onların nəzərinə çatdırılıb ki, Kəlbəcərə gəldikləri zaman adların yazıldığı siyahı ilə yanaşı, nəqliyyat vasitələrinin nömrələri də göstərilməlidir:
“Yəni ziyarətin mahiyyəti daha təfərrüatlı olmalıdır. Əgər belədirsə, onlar sizi blok etməyəcəklər. İndi biz bu həftə üçün nəzərdə tutulan siyahını sülhməramlılara verməyə çalışırıq. Onlar həmin siyahını Azərbaycan tərəfinə təqdim edəcəklər. Bir az çətindir, amma bunu etməyə çalışacağıq. Yəqin ki, hər iki tərəf ora kimlərin gəlib-getdiyini bilmək istəyir. Kimsə ziyarətçilərin arasında bəzən gizli adamların olduğunu düşünə bilər. Buna görə normal siyahı verəcəyik ki, ora gələnlərin inanclı adamlar olduğunu göstərək. Gizlədiləcək hec nə yoxdur və gerçək olanı verəcəyik”.
Bu etiraf ermənilərin Azərbaycandan icazə istəməyin zəruriliyini qəbul etmələri anlamına gələ bilərmi?
İlahiyyatçı Tural İrfan qəzetimizə açıqlamasında bildirdi ki, bu olduqca həssas məsələdir: “Ermənilər çox məkrlidirlər. Mən düşünmürəm ki, onlar nəyisə anlayıb bu reallığı qəbul edirlər. Onlar əvvəl də bilirdilər ki, Azərbaycan ərazisində yaşayırlar. Həmin ərazilərdə də mütləq mənada Azərbaycan qanunlarına tabe olmaq lazımdır. Mən fərqli düşünürəm. Hesab edirəm ki, erməniləri həmin monastıra şərtlə buraxmaq lazımdır. Söhbət humanistlikdən gedirsə, qoy onlar da bizə İrəvandakı “Cümə” məscidini ziyarət etməyə imkan versinlər. Kəlbəcərin ermənilərə ümumiyyətlə aidiyyəti yoxdur. Onlar həmin rayonda heç vaxt kompakt yaşamayıblar. Onlar bizim ərazimizdə olan məbəddə yalnız bizə ziyan olan ibadəti edəcəklər. Uzağı qarğış edəcəklər, ya da Allahdan yenidən qalib olmalarını diləyəcəklər. Bu gün Fələstində Qüds məscidi var. Ora bir neçə dinin ortaq ibadət mənbəyidir. Bu əsas verir ki, biz həmin ərazinin bütün dinlərə aid olduğunu təsdiqləyək. Mən istəmirəm ki, 100 ildən sonra ermənilər Kəlbəcərdəki ibadətlərini əsas gətirib, həmin torpağın da tarixən onlara aid olduğunu iddia etsinlər. Həmin monastırın ermənilərə zərrə qədər də aidiyyəti yoxdur. O, qədim Alban-udi ziyarətgahıdır. Ancaq onları ora buraxmamaq da olmur. Onda da səs-küy salacaqlar ki, Azərbaycan onları dini diskriminasiyaya məruz qoyur. İstənilən halda hesab edirəm ki, onlar bundan sui-istifadə etməyə çalışacaqlar”...
Ekspertin sözlərinə görə, ermənilərin Qarabağ və ətraf ərazilərdə Azərbaycan yurisdiksiyasını qəbul etməkdən başqa çarələri də qalmayıb.
Məhəmmədəli QƏRİBLİ