Bu gün Ermənistan üçün ən böyük problemlərdən biri iqtisadi müstəvidə yaşadığı böyük çətinliklərdir. İrəvan üzləşdiyi sosial-iqtisadi problemlərin həllində ciddi çətinliklər yaşayır. İndiki halda ölkənin yaşadığı problemlərin həlli isə Ermənistanın Azərbaycan, Türkiyə kimi mühüm qonşuları ilə münasibətlərinin normallaşmasından keçir.
İrəvana unikal şans verilib
Dağlıq Qarabağ münaqişəsinin 44 gün davam edən müharibə nəticəsində tarixə qovuşmasından sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını mümkün sayır. Hətta Bakı kommunikasiyaların bərpası ilə bağlı təkliflər də irəli sürüb və bu, ötən il noyabrın 10-da, cari il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında baş tutan üçtərəfli danışıqlar və imzalanan bəyanatla da təsbit edilib. Məhz həmin bəyanatların icrası Ermənistanın xilas yolu sayılır. Bu, perspektivdə Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasının da yeganə yoludur. Özü də nəzərə alınmalıdır ki, indi prosesdə Ermənistan xüsusi maraqlı tərəf qismində çıxış edir. Ermənistanın xarici işlər naziri Ara Ayvazyan artıq bu xüsusda müvafiq açıqlama verib. Onun sözlərinə görə, rəsmi İrəvan gözləyir ki, rəsmi Ankara Ermənistanla sərhədləri açsın: “Türkiyə Dağlıq Qarabağda yaranmış status-kvoya etiraz olaraq sərhədi bağlamışdı. İndi status-kvo zorla dəyişdirilib. Yəni Türkiyənin Ermənistanla sərhədi bağlı saxlaması üçün daha elə bir əsası qalmayıb”.
Lakin Türkiyənin Ermənistanla sərhədləri açması üçün İrəvanın Bakı ilə münasibətlərini tam normallaşdırması əsas şərtdir. Yəni sərhəd məsələsi yenə Azərbaycandan asılıdır. Bu səbəbdən rusiyalı hərbi ekspert İqor Korotçenko da qeyd edir ki, Ermənistan noyabrın 10-da imzalanan bütün razılaşmaları tam şəkildə həyata keçirməlidir. Onun sözlərinə görə, Azərbaycanla güc dilində danışmaq mümkün deyil: “Azərbaycan çox effektiv və dinamik şəkildə inkişaf edir. Bu, bütün millətlərin bərabər olduqları, özlərini eyni dərəcədə yaxşı hiss etdikləri, bütün mədəniyyətlərin və dinlərin qorunduqlarını hiss etdikləri dünyəvi dövlətdir”. Eyni mövqe rusiyalı politoloq Daniil Rubinoviç tərəfindən də bölüşülür. O, Azərbaycandan Ermənistanın inkişafa dair çox şey öyrənə biləcəyini vurğulayır: “Hələ Birinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan iki müxtəlif yolla getdilər. Əgər Ermənistan daxili siyasi çəkişmələrə batdısa, iqtisadiyyatı, bank sistemini və ordunu dağıtdısa, bu da əhalinin kütləvi mühacirətinə səbəb oldusa, Azərbaycan ilk növbədə Heydər Əliyevin, daha sonra isə indiki prezident İlham Əliyevin sakit və inamlı daxili siyasəti sayəsində öz iqtisadi və hərbi potensialını xeyli artırdı”. Onun fikrincə, iki ölkənin inkişafındakı fərqi Azərbaycanın Qarabağdakı ərazilərinin bir hissəsini geri qaytarmağı bacardığı dördgünlük 2016-cı il aprel döyüşləri göstərdi. Ancaq bu bir güc sınağı idi: “İkinci Qarabağ müharibəsi erməni ordusunu fəlakətə gətirib çıxardı. Azərbaycan ordusu tam üstünlüyə malik idi. Texniki üstünlüyü və parlaq taktiki işi də qeyd etmək lazımdır ki, Azərbaycan hazırlanan təxribatlardan xəbər tutanda, ölkənin dərinliklərindən hissələrin bir qisminin yerini gizli surətdə dəyişdi. Qarabağ müharibəsi hipotetik olaraq davam edərdisə, geri çəkilən ermənilər onun potensial münaqişə zonasından kənara çıxarılması ilə terror-təxribat müharibəsinə keçə bilərdilər, erməni terrorizmi isə böyük tarixə malikdir”.
Ekspert qeyd edib ki, barışıq pozulsaydı, Azərbaycan yenə də qələbə qazanardı. “Çünki onun demoqrafik, iqtisadi və sırf hərbi potensialı Ermənistanınkından qat-qat çoxdur. Lakin qələbə, yalnız cəbhədə deyil, həm də arxada, ermənilərin Azərbaycanın dinc şəhərlərinə raket zərbələri də nəzərə alınmaqla, daha çox qan bahasına başa gələrdi. Ermənilər, müharibə uzandığı halda, 2020-ci ilin noyabr ayının ortalarına nisbətən mübahisəli ərazilərin infrastrukturunu qəsdən dağıtmış olardı. Atəşkəs şərtlərinə görə isə, Azərbaycan öz torpaqlarının xeyli hissəsini müharibə və yeni itkilər vermədən geri qaytardı və Ermənistan ərazisindən keçməklə Naxçıvan eksklavına nəqliyyat dəhlizi aldı”. Ekspert bildirib ki, Moskva erməni lobbisinin Qarabağ müharibəsindən Ermənistanla hərbi müqavilələrin tətbiqi üçün bəhanə kimi istifadə etmək cəhdlərinin qarşısını alıb: “1960 sülhməramlının 10 milyondan artıq əhalisi olan Azərbaycanın suverenliyini poza biləcəyini düşünmək böyük şişirtmə olardı. Amma əgər onlar ora daxil olmasaydılar, erməni partizanları Azərbaycana əlavə problemlər yaradardılar. Rus sülhməramlıları atəşkəs şərtlərini qorumaqda, müharibəni davam etdirmək istəyən erməni qruplarını tərksilah etməkdə ardıcıllıq nümayiş etdirdilər”. Bunlar fonunda ekspert bildirir ki, böyük problemlər yaşayan Ermənistan üçün Azərbaycanla münasibətləri normal həddə gətirib inkişaf elətdirmək daha məqsədəuyğundur.
Ermənistanın inkişafı Azərbaycanla münasibətlərdən asılıdır
Əslində, bu gün Ermənistanda da etiraflar səslənir ki, ölkə qonşuları ilə münasibətlərə, xarici siyasətinə yenidən baxmasa, əvvəlki kimi başqalarının əlində alət olaraq qalmaqda davam edəcək. Xüsusən də Rusiyanın təsir dairəsindən xilas ola bilməyəcək. Məsələn, “1in.am” nəşri yazır ki, Ermənistanda müharibədən sonrakı reallıqlarla bağlı olan yeni vəziyyət və problemlərlə əlaqədar olaraq Rusiyaya siyasi xidmətlər göstərilməsi üçün yeni “mövsüm” açılıb. Sabiq prezident Robert Köçəryan Ermənistan və Rusiyanın dərin inteqrasiya zərurəti haqqında danışır, bir qrup siyasi qüvvə Ermənistan və Rusiyanın birlik dövləti barədə danışır, bu siyasi qüvvələr “Rusiya ilə güclü Ermənistan” başlığı altında hərəkata təşəbbüs göstərirlər: “Bu, Ermənistanın Azərbaycana məğlub olduğu Qarabağdakı 44 günlük amansız müharibədən sonra baş verir. Bütün bunlardan sonra Ermənistanın güclü olmasını Rusiya ilə birlikdə olmağa bağlamaq üçün siyasi zəkanı və adekvatlığı itirmək lazımdır.
Ermənistanın bu gün Rusiya ilə sıx və intensiv işləməyə məcbur olması müzakirəolunmazdır. Bu gün Rusiya Ermənistanın təhlükəsizliyini təmin edir, bu kiməsə xoş gəlsə də, gəlməsə də faktdır. Bu faktla hesablaşmaq lazımdır. Əlbəttə, bu faktla hesaba oturmaq lazım olduğu ilə yanaşı, həmçinin qeyd etmək lazımdır ki, Ermənistan və Rusiya regionda ümumi bir çox maraqlara və mənafelərə sahibdir, əlbəttə, sıx qarşılıqlı münasibət bunlar üzərində qurulmalıdır. Ancaq bu münasibətlər yalnız Ermənistanın öz istəyi ilə digər geosiyasi mərkəzlərlə əlaqələr qurmağı bacaracağı təqdirdə təsirli və qarşılıqlı faydalı ola bilər. Rusiyanın regional siyasətinin çoxsaylı amilləri və şərtləri kimi çox vaxt Moskvanın maraqları ilə uzlaşmayan münasibətlər, nəinki Ermənistanın marağı ilə üst-üstə düşmür, həmçinin sadəcə onu təhlükə altına alıb və alır. Buna görə də erməni-rus “dərin inteqrasiya və ittifaq dövləti” fikri və ya siyasi “ideyası” erməni-rus dövlətlərarası səmərəli və qarşılıqlı faydalı münasibətinin “məzarlığı”ndan başqa bir şey deyil. Bu münasibət illər ərzində davamlı olaraq müxtəlif fürsətlərlə qurulub və bu dəfə müharibədən sonra yaranmış siyasi təsadüf üzündən bir sıra siyasi qruplar da qurulmağa davam edir. Azərbaycanın Qarabağda Şuşaya çatması məhz erməni-rus strateji əməkdaşlığının dövlətlərarası perspektivini bu cür “məzarlıqlarda” bağlamağın nəticəsidir”. Nəşr qeyd edir ki, bu halda Ermənistanın xarici siyasətini yenidən nəzərdən keçirməsi, Avropa və qonşuları ilə münasibətlərinə yenidən baxması İrəvanın Moskvadan bu dərəcədə asılı olmasının qarşısını alardı. Təbii ki, qonşular dedikdə burada Azərbaycan və Türkiyə nəzərdə tutulur. Məhz bu ölkələrlə normal münasibətlər Ermənistanın müstəqil formada inkişafının əsas şərtidir.
Kommunikasiya xətlərinin bərpası normal əlaqələrin qurulmasında ilk mühüm addımdır
Məlumdur ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilən razılıq Cənubi Qafqazda kommunikasiya sahəsində mühüm yeniliklərə yol açır. Burada Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə nəqliyyat dəhlizi yaradılacaq. Nəticədə Azərbaycanla Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa olunacaq. Perspektivdə bu yoldan istifadə edərək, Ermənistanın Türkiyə bazarlarına çıxışı mümkündür. Bundan əlavə, razılığa əsasən, Ermənistan-Azərbaycan-Rusiya, həmçinin Ermənistan-Azərbaycan-İran marşrutları üzrə də nəqliyyat dəhlizləri işə salınacaq. Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiyanı, İranı əlaqələndirəcək yol inşa ediləcək. Bu isə Ermənistanın Rusiya ilə quru yol əlaqəsində Gürcüstandan, İranla əlaqəsində təbii şərtlərdən asılılığının azalmasına gətirib çıxaracaq. Rusiyanın “Kommersant” qəzeti bu fonda yazır ki, Gümrüdən Qarsa əvvəldən mövcud olan dəmir yolunu istifadəyə vermək əvəzinə, Ermənistana Naxçıvan yolu ilə İğdıra yeni dəmir yolundan faydalanmaq təklif olunur: “Ermənistan nəticədə Türkiyə və Azərbaycanın iqtisadi, nəqliyyat peykinə çevrilir və bunun müqabilində türk qonşularının tranzit masasından pay alır”. Bütün bunlar nəticə etibarı ilə Ermənistanın Rusiyadan asılı olmadan inkişafına imkan verir. Bu halda Ermənistan üzləşdiyi çoxsaylı problemləri də həll etmək imkanı qazanır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.