Baxmayaraq ki, Rusiya Ermənistana yardım edir, ancaq ermənilərin 44 günlük müharibəyə görə Rusiyaya yönəlik yeni-yeni ittihamları səngimək bilmir. Hətta Rusiyada hakimiyyətin dəyişməsini arzulayırlar.
Siyasi şərhçi Qalust Qriqoryan erməni mediasına açıqlamasında aprel müharibəsi zamanı Ermənistanın ağır itkilər verməsi və Bakının hərbi əməliyyatı dayandırması üçün İrəvanın Kremlə yalvarmasından danışıb.
Qeyd edib ki, o zaman Ermənistanın imdadına Sergey Şoyqu gəldi: “Onun Bakıya zəngi döyüşləri dayandırdı. Azərbaycana vədlər verildi. Bu 44 günlük müharibədə isə Bakını artıq heç kim saxlaya bilməzdi. Açığı desək, heç Bakını saxlamaq istəyən də yox idi. Bir şey ki, Putin, Lavrov və Şoyqu bir ağızdan bu torpaqların Azərbaycanın tərkib hissəsi olduğunu dedilər. İndi isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin sonuncu müsahibəsində erməni cəmiyyətinə “kömək edə bilmirik, amma siz möhkəm olun”, - deyir”.
Bu səbəbdən Q.Qriqoryan qeyd edib ki, erməni xalqı artıq dostu ilə düşmənini tanımaq məcburiyyətində qalıb: “Rusiya yalnız vərəq üzərində bizim dostumuz və müttəfiqimiz ola bilər. Onlar bizə kömək etməyəcək. Artıq bunu anlamağın vaxtı çatdı. Hazırkı durumda Ermənistana ən sərf edən ssenari Rusiyada hakimiyyətin dəyişməsi ola bilər. Ona görə də İrəvan və erməni xalqı Navalnıy kimiləri dəstəkləməlidir”.
Görünən odur ki, Ermənistanda yeni anti-Rusiya kampaniyası baş qaldırır. Bəzi ermənilər hesab edirlər ki, gərək Rusiya ermənilərin yerinə Qarabağda döyüşəydi.
“44 günlük müharibədə Rusiya hərbi baxımdan nə mümkündürsə, Ermənistana yardım edib”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, bütün bu çağırışlar tarixən ermənilərin xəyanətkar olmağından irəli gəlir: “Ermənilər əsrlər boyu bu cür siyasət yeridiblər. Yəni onlara arxa-dayaq duranlara sonra xəyanət ediblər. Onları qoruyub himayə edənləri lazım gələndə öz mənafeləri naminə satıblar. Bizans, Osmanlı imperiyaları dövründə ermənilər satqınlıq ediblər. İndi də Rusiyanı satırlar. Ona görə də bu, tipik erməni xislətindən doğan haldır. Çünki 44 günlük müharibədə Rusiya hərbi baxımdan nə mümkündürsə, Ermənistana yardım edib. Bunu erməni generallarından biri açıq dedi. O cümlədən, prezident Vladimir Putin də bunu etiraf etdi. Ancaq məlum olur ki, ermənilər bununla kifayətlənməyiblər. Onlar istəyirlər ki, Rusiya Ermənistanın yerinə açıq şəkildə Azərbaycanla vuruşsun. 44 günlük müharibə zamanı onların gözləntisi belə olub. Ona görə də belə yaramazcasına Rusiyanı ittiham edirlər”.
Partiya sədrinin fikrincə, ermənilər tarixən xəyanətkar olduqlarına görə onlar üçün müqəddəs heç nə yoxdur.
Vidadi ORDAHALLI