Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən barəsində “İnterpol” vasitəsilə axtarış elan edilmiş Qarabağ separatçılarının lideri Araik Arutyunyan İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Bu barədə Paşinyanın mətbuat katibi Mane Qorqyan özünün “Facebook” səhifəsində yazıb. Belə çıxır ki, A.Arutyunyan “Laçın dəhlizi”ndən keçərək İrəvanda N.Paşinyanla görüşə gedib və geri dönüb. Qeyd edək ki, bugünlərdə Ermənistanın baş prokurorunun da Qarabağa icazəsiz səfər etdiyi bildirilir. Maraqlıdır, sülhməramlılar bu qanunsuz səfərlərə niyə şərait yaradır və biz bununla bağlı hansı addımları atmalıyıq?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əldə olunan 10 noyabr razılaşmasından sonra erməni hərbçilərin qanunsuz səfərlərinin intensiv hal alması təəssüf doğurur: “Müharibədən sonrakı dövrdə yeni təyin olunan Ermənistan XİN başçısı da belə bir addım atmışdı. O zaman da Azərbaycan XİN bu barədə öz sərt fikirlərini bildirdi. Görünür, səslənən bəyanatlardan Ermənistan tərəfi doğru nəticə çıxarmaq niyyətində deyil. Onların bu səfərləri Azərbaycan tərəfi ilə mütləq razılaşdırılmalı olduğu Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb. Əgər Azərbaycanla razılaşdırılmayıbsa və sülhməramlılar da belə bir səfərin baş tutmasına şərait yaradıblarsa, o zaman mütləq bunun qarşısının alınması üçün adekvat addımlar atılmalıdır. Azərbaycan “Laçın dəhlizi”nə nəzarət üçün türkiyəli hərbçilərin cəlbini də tələb etməlidir. Xüsusilə də Rusiya Humanitar dəhliz fəaliyyətdədir. Bu o demək deyil ki, humanitar dəhlizdən kim necə istəyir hərəkət etsin. Humanitar dəhlizdən yalnız Qarabağda yaşayan erməni sakinləri, yaxud da onların yaxın qohumları istifadə edə bilər. Həmin dəhliz erməni rəsmilərinin Qarabağa istədiyi vaxt gəlib-getməsi üçün yaradılmayıb”.
Ekspertin sözlərinə görə, bu cür addımlar regionda sülhün dayanaqlı təminatı üçün ciddi problem yaradır: “Bizim sərt xəbərdarlıqlarımıza məhəl qoymurlarsa, Azərbaycanın tam hüququ var ki, bölgədə antiterror əməliyytaları keçirsin və sərhədimizi qanunsuz pozan həmin rəsmiləri həbs etsin. Ermənistandan kimin Qarabağa getməsindən asılı olmayaraq fakt ondan ibarətdir ki, bu ərazilər Azərbaycanındır. Erməni rəsmilərin qanunsuz səfərləri uzun sürməyəcək. Tezliklə bütün bunlara son qoyulacaq”.
Məhəmmədəli QƏRİBLİ