Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayanın bugünlərdə həmin ölkədə nəşr olunan “Weekblad Elseveir” nəşrinə müsahibəsində müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Qərbin Moskvaya qarşı sanksiyalar tətbiq etməsinə müsbət yanaşması Rusiya hərbi ekspertlərini hiddətləndirib.
“Komsomolskaya Pravda” qəzetinin hərbi icmalçısı, istefada olan polkovnik Viktor Baranets Ermənistan dairələrinin anti-Rusiya bəyanatlarının bu ölkəni indiki mürəkkəb situasiyada Rusiyanın dəstəyindən məhrum edə biləcəyini deyib. Baranets xatırladıb ki, bundan əvvəl Ermənistan rəsmən Rusiya silahlarının yararsız olduğu haqda danışıb və KTMT çərçivəsindəki öhdəliklərinə baxmayaraq, Rusiya silahlarından imtina edə biləcəyini deyib: “Müttəfiqciyəzdir deyilənə görə. Hansı ki, biz qoruyuruq”.
Digər hərbi ekspert Mixail Timoşenko isə yada salıb ki, Ermənistan Rusiyanın Qarabağda onun əvəzindən döyüşməsini arzu edirdi: “Hələ biz onların əvəzinə Qarabağda da döyüşməli idik?”
Polkovnik Baranets əlavə edib ki, Tiqran Balayanın çıxışına bənzər çıxışlar Ermənistanın Rusiyanın müttəfiqi kimi etibarsız olduğunu göstərir: “Ona görə də Moskva müvafiq nəticələr çıxarmalıdır və müttəfiqlik öhdəliklərindən imtina imkanlarını nəzərdən keçirməlidir. Ermənistandan qoşunlarını çıxarmaq və oradakı bazanı saxlamaqdan imtina etmək də daxil olmaqla. Ermənistan üçün bunun hansı nəticələri olacaq, qoy bunu Yerevanda düşünsünlər”.
Erməni səfirin açıqlamasına rusiyalı hərbçilərin verdiyi reaksiyanı necə dəyərləndirmək olar?
Politoloq Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiyadan belə sərt reaksiyanın olacağı gözlənilən idi: “Erməni səfirin işlətdiyi fikirlər diplomatik etiketə ziddir. Bunu hansısa erməni siyasətçi desəydi, başa düşmək olardı. Ancaq səfirin istənilən açıqlaması ölkənin adından ifadə edilir. Yəni bu həm də Ermənistanın rəsmi mövqeyi kimi yozula bilər. Ermənistanın Niderlanddakı səfirinin verdiyi açıqlama ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Hətta ilk anda bu fikirdə olanlar vardı ki, bunu hansısa dairələr Paşinyana qarşı təşkil edir. Hakimiyyətin daxilində yaradılan sabotaj kimi dəyərləndirilirdi. Ancaq bu günlər ərzində Ermənistan rəsmi dairələrinin həmin açıqlamaya şərh verməməsi Rusiyadakı dairələri qıcıqlandırmağa başladı. Hələlik Rusiya rəsmi səviyyədə bu məsələni şərh etmir. Ancaq mövqeyini elə adamların dili ilə ifadə edir ki, rəsmi kimi qəbul oluna bilər. Rusiyalı hərbçilərin sərt açıqlaması Ermənistana ciddi siqnal olmalıdır. Onlar bununla Ermənistana xəbərdarlıq edirlər ki, ağıllı olsun. Əks təqdirdə, başqa təsir mexanizmləri işə salına bilər. Hətta hərbi müstəvidə müəyyən təzyiqin ola biləcəyi də ifadə edilir. Reaksiyadan belə başa düşülür ki, belə olarsa, Rusiya Ermənistanı taleyin ümidinə buraxa və bu həmin ölkənin mövcudluğunun sonu anlamına gələ bilər”.
Ekspert hesab edir ki, Ermənistan rəsmi dairələri həmin diplomatın fikirləri ilə bağlı Rusiya qarşısında üzrxahlıq etməsələr, vəziyyət daha da gərginləşə bilər.
Məhəmmədəli QƏRİBLİ