Ermənistanda orduya qış çağırışı başlayıb və məlum olub ki, çağırışçılar ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət edəcək. Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan hissəsinə çağırışçıların göndərilməsi isə dayandırılıb.
Bu haqda erməni KİV-i yazıb. Məlumata görə, qış çağırışı fevralın əvvəllərindən başlayıb, çağırışçılar hərbi hissələrə püşkatma yolu ilə bölüşdürülürlər. Dağlıq Qarabağdakı hərbi hissələr isə variantlar arasında yer almır. Bu amil Qarabağdakı separatçı ordunun tam ləğv ediləcəyi anlamına gələ bilərmi?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məsələni iki aspektdən analiz etmək olar: “Birincisi, Ermənistan cəmiyyətində 44 günlük müharibədən sonra ciddi narahatlıq var. Xüsusilə də onların ordusunun darmadağın edilməsi vətəndaşlarda orduda qulluqla bağlı əməlli-başlı xof yaradıb. Dövlətin özü də Ermənistan vətəndaşlarını Qarabağda hərbi qulluğa göndərməyə ehtiyat edir. İkinci aspekt isə Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlıdır. Belə bir addımın Ermənistan tərəfindən atılması onun 10 noyabrda üzərinə götürdüyü öhdəlikləri pozması anlamına gələ bilər. Həm də Azərbaycanda ciddi qıcıq yarada bilər. Bu, eyni zamanda, Ermənistanın özünün ordusunun maddi-texniki təminatının zəif olması ilə bağlıdır. Buna görə də risq etmək istəmirlər. Ancaq bu heç də o anlama gəlmir ki, Qarabağdakı terrorçuların tam kökü kəsiləcək. Hələ də həmin ərazilərdə silahlı erməni dəstələri mövcuddur. Bu məsələ ilə Rusiya ciddi məşğul olmalıdır. Çünki həmin ölkə üzərinə ciddi siyasi öhdəlik götürüb ki, bölgəni terrorçulardan təmizləyəcək. Proses belə davam edərsə, ermənilər orada istənilən vaxt təxribat törədib, müharibəni alovlandıra bilər”.
Hərbi ekspertin sözlərinə görə, bu məlumatı erməni KİV-i məqsədli tirajlayır: “İstəkləri budur ki, əsas diqqəti Qarabağda mövcud olan silahlı birləşmələrdən başqa aspektə yönəltsinlər. Hətta Ermənistan Qarabağa əsgər göndərmək istəsə belə, onların qarşısını Rusiya sülhmərəmlıları almalıdır. Bu onların vəzifəsidir. Qarabağda erməniləri tam tərkislah etmək lazımdır ki, bölgədə dayanıqlı sülh olsun. Təəssüf ki, biz bunun əksini görürük. Artıq “Laçın dəhlizi”nə də bizim nəzarət etmək imkanımız var. Strateji yüksəkliklər bizim əlimizdədir. Biz bütün proseslərə nəzarət edə bilirik. Bunu bilən ermənilər ora Ermənistandan yeni əsgəri qüvvə göndərmək niyyətindən çəkinirlər. Onlar bütün gücü Qarabağdakı ordu qalıqlarının qorunub saxlanmasına yönəldiblər”.
Məhəmmədəli QƏRİBLİ