“Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq”. Bu barədə Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən bildirib.
Ölkə başçısının sözlərinə görə, bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin, digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir: “BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin, digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir”.
İki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclasının keçiriləcəyini diqqətə çatdıran Prezident bunları qeyd edib: “Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik. Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Yeri gəlmişkən, iki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclası keçiriləcək. Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik”.
Bütövlükdə, Azərbaycan həm bölgə ölkələri ilə, həm də Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq formatı qurub. Yəni tərəflərin maraqları elə uzlaşdırılıb ki, bu, hansısa maraqların toqquşmasına gətirib çıxarmır.
“Bununla yanaşı, Azərbaycan həm də regionun böyük dövlətləri olan Rusiya və İranla...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov hesab edir ki, sözün həqiqi mənasında, Azərbaycan həm region, həm də regiondan kənar ölkələrlə çox uğurlu əməkdaşlıq formatı qurub: “Söhbət ondan gedir ki, ABŞ və Avropa İttifaqı ölkələri uzun illərdir enerji sektorunda Azərbaycanla sıx əməkdaşlıq edirlər. Ötən illər ərzində Xəzərdəki neft-qaz hasilatına milyardlarla dollar sərmayə qoyulub. Böyük neft-qaz boru xətləri çəkilib. Heç şübhəsiz ki, başda Birləşmiş Ştatlar və Avropanın böyük dövlətlərinin siyasi-iqtisadi dəstəyi olmasaydı, bu layihələr reallaşmazdı. Sözügedən əməkdaşlıq çərçivəsində Azərbaycan böyük valyuta gəlirləri əldə edib. Bunun sayəsində həm iqtisadiyyat inkişaf etdi, həm də güclü ordu yaradıldı. Nəticədə işğal altında olan ərazilərin böyük hissəsi azad olundu. Bununla yanaşı, Azərbaycan həm də regionun böyük dövlətləri olan Rusiya və İranla mehriban qonşuluq münasibətləri çərçivəsində qarşılıqlı maraqlara söykənən iqtisadi əlaqələr qurub. Rusiya Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının realizə olunmasında başlıca bazardır. Eyni zamanda, Rusiya nəqliyyat daşımaları ilə bağlı Azərbaycanın tranzit imkanlarından istifadə edir. Bununla belə, Azərbaycan Rusiya ilə İranı birləşdirən Şimal-Cənub Nəqliyyat Dəhlizinin tikintisində vacib rol oynayır. Sözügedən dəhliz tam işə düşəndən sonra Azərbaycanın tranzit ölkə olaraq rolu daha da artacaq ki, bu da əlavə dividendlər deməkdir. Azərbaycan həm də Şərq-Qərb dəhlizi üzərində yerləşir. Hansı ki, Orta Asiya və digər ölkələr bu dəhliz vasitəsilə Avropaya çıxırlar”.
Bütün bunlardan çıxış edərək partiya funksioneri hesab edir ki, Azərbaycan çoxşaxəli əməkdaşlıq formatı qurub.
Vidadi ORDAHALLI