İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf Rusiya Diplomatiya Akademiyasındakı nitqi zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi İranın şimal sərhədlərində təhlükəsizlik məsələsi yarada bilərdi: "Biz bu müharibəyə ən qısa müddətdə son qoymaq üçün Rusiyanın göstərdiyi səylərdən razıyıq. Amma fikrimcə, regionda gizli təhdidlər hələ də qalır. Yəni regionda terrorçu qüvvələrin mövcudluğuna son qoymalıyıq”.
Maraqlıdır, İran rəsmisi ölkəsinin Şimal sərhədinə təhdid və terrorçuların mövcudluğunu deyəndə nələri nəzərdə tutur?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağdakı müharibə İranın siyasi və təhlükəsizlik faktorlarına dərin təsir edə bilən bir proses idi: “Müharibə İranın siyasi və təhlükəsizlik faktorlarına iki istiqamət - daxili və xarici faktorlar üzrə təsir edirdi. Xarici faktorları bir cümlədə Daglıq Qarabağdakı müharibə ətrafında formalaşmış koalisiyaların heç birində İranın maraqlarının təmsil olunmaması kimi ifadə edə bilərik. Bütün qalan risqlər isə məhz daxili faktorla bağlı idi. Müharibənin İrandaxili siyasi və təhlükəsizlik faktorlarına təsiri bütün digər faktorlardan güclü idi. Bunlardan biri kimi İranın şimal sərhədində erməni işğalı altında olan ərazilərdə erməni terrorçu qruplarının aktivliyi ilə ölkə sərhədinin bir neçə dəfə pozulması faktorunu qeyd etmək istəyirəm.
Erməni hərbçilər Azərbaycan Ordusu İranla sərhəddə nəzarəti bərpa etməzdən öncə İran ərazisinə keçmələri haqqında görüntülər paylaşırdı. Həmin görüntülər istər Azərbaycan, istərsə də İran sosial platformlarında geniş müzakirə olundu.
Bundan sonra isə Ermənistan və İran XİN arasında narazılıq yarandı. İran bölgədə təhlükəsilik tədbirlərinin möhkəmləndirilməsi istiqamətində addımlar atmağa başladı. 44 günlük müharibə zamanı İran hökumətinin atdığı addımlara İrandaxili cəmiyyətin reaksiyası mərkəzi hakimiyyətin özü üçün də gözlənilməz oldu. 44 günlük müharibə ərəfəsi və müharibənin ilk həftəsində İran üzərindən Ermənistana silah, hərbi texnika daşınması foto və videolarda əks edildi. Bu istiqamətdə ən mühüm marşrutun İran-Ermənistan-Nordruz sərhəd keçidinin olması çiddi etirazlara səbəb oldu.
Xüsusilə bu etirazlar Ermənistanın Nordruzdan keçirib gətirdiyi raketlərlə Gəncəni bombalaması və raketlərdən birinin Gəncədə İmamzadə ərazisinə düşməsindən sonra təəccüblü dərəcədə gücləndi. Təbiidir ki, iqtisadi problemlər məngənəsində boğulan ölkə üçün bu, ciddi risq amili sayılırdı. İran rəsmisi məhz bu amili nəzərdə tutur”.
Politoloqun sözlərinə görə, bölgədə terrorçuların mövcudluğu deyəndə isə İran rəsmisi Dağlıq Qarabağ ərazisində hələ də qalan erməni silahlı dəstələrinin qalıqlarını nəzərdə tutur”.
Məhəmmədəli QƏRİBLİ