Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra onun nəticələrinin Ermənistanda müzakirəsi davam edir. Xüsusən də Azərbaycanın pilotsuz uçan aparatlardan (PUA) istifadə ilə bağlı ortaya qoyduğu mükəmməl təcrübə hazırda sözügedən ölkədə başlıca müzakirə predmetidir. Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan etiraf edir ki, Azərbaycan PUA məsələsində Ermənistandan çox üstün mövqedə dayanmaqda davam edir: “Ermənistan hələ hərbi-sənaye kompleksində istehsal imkanlarını inkişaf etdirmək kimi bir problemi həll etməyib”. Onun sözlərinə görə, bu, xarici bazarlara nəzarət və giriş məsələsi ilə yanaşı, digər məsələlərə də aiddir və 2021-ci ildə ayrılmış 4,6 milyard dram da bu məqsədlərə yönəldilib.
Arşakyan yalnız silah istehsalına nail olmaq deyil, idarəetmə sistemləri də daxil olmaqla sistemlər yaratmağın vacibliyini qeyd edib: “Bütün bunlar tez zamanda baş verməyəcək. Azərbaycanın üstünlüyü həm də Türkiyə istehsalı sistemlərdən istifadə etməsində idi. Məsələn, “Bayraktar” PUA-sının yaradılmasına nə qədər vaxt və qaynaq sərf olunduğunu anlamaq vacibdir. Azərbaycanlılar uzun müddət oxudular, müəssisələr qurdular, beynəlxalq əlaqələr yaratdılar”. Nazir Azərbaycanın institusional proses qurmaq, bölmələr yaratmaq, şəxsi heyətə təlim vermək və cəbhə bölgəsinə silah tədarükünü təşkil etmək məsələlərində üstünlüyünü vurğulamaqdan çəkinməyib. Hazırda Ermənistanda bu sahədə iş aparıldığını da qeyd edib. Lakin məsələ bundadır ki, Azərbaycan PUA ilə bağlı nailiyyətlərinin miqyasını durmadan genişləndirir. Həm ölkə daxilində yeni istehsal həyata keçirilir, həm də xaricdən ən mükəmməl PUA-lar alınır. Məsələn, Azərbaycanın yaxın perspektivdə Türkiyənin “Baykar Makina” şirkətinin seriya istehsalına bu ilin əvvəllərində başladığı “Akıncı” döyüş pilotsuz təyyarələrini alması gözlənilir. Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır ki, “Akıncı” daha çox döyüş imkanlarına malikdir: “Əgər “Bayraktar TB2” “Roketsan” şirkətinin istehsalı olan 4 ədəd MAM-C və MAM-L “ağıllı” raketləri daşıya bilirsə (cəmi 150 kiloqram faydalı yük) “Akıncı”nın imkanları daha genişdir. Bu pilotsuz döyüş təyyarələri Aİ-450T turbovintli mühərrikləri ilə təchiz olunub və ümumi ağırlığı 1350 kiloqrama qədər olan silahlar daşıya bilir. Bura 8 ədəd MAM-C və MAM-L raketləri, “hava-hava” tipli “Gökdoğan” raketləri və kiçikhəcmli “Alpagu” kamikadze-dronları daxildir. Nəticədə “Akıncı” həm yerüstü hədəfləri təsbit edərək onlara dəqiq raket zərbələri endirə bilir, həm hava hədəflərini, məsələn, qırıcıları öz radarı ilə aşkarlayaraq onlarla mübarizə aparır, həm də 10 “Alpagu” kamikadze-dronundan ibarət sürünü buraxır. “Akıncı”nın üstünlüklərindən biri də avtonom süni intellektə, radioelektron mübarizə və radiolokasiya sistemlərinə malik olmasıdır. Bu sistemlərin sayəsində PUA hədəfləri müstəqil şəkildə təsbit edə, onları məhv edib bazaya avtonom şəkildə geri dönə bilər. “Akıncı”, hətta yerüstü idarəetmə sistemləri olmayan aerodroma da geri dönüb eniş həyata keçirir. “Akıncı”nın sınaqları 2019-cu ilin dekabrında başlayıb və ötən il bütün sınaqları tamamlayıb. Sınaq uçuşları zamanı PUA 12 kilometr yüksəkliyə qalxıb. “Nezavimsimaya qazeta”nın şərhçisi Vladimir Muxin qeyd edir ki, bununla da türkiyəli mütəxəssislər Ukraynanın köməyi ilə ağır döyüş pilotsuz təyyarələrini cəmi iki il ərzində yarada bilib. Müqayisə üçün qeyd olunur ki, Rusiyada bu cür pilotsuz təyyarələrin işlənib hazırlanması prosesi artıq 10 ildən çoxdur davam edir və buna baxmayaraq, seriya istehsala başlamaq hələ də mümkün olmayıb”. Azərbaycanın “Akıncı”ları alması onun PUA sahəsində üstünlüyünü daha da artıracaq. Bu da o deməkdir ki, Ermənistan PUA, ümumiyyətlə hərbi sahədə Azərbaycandan yenə çox geridə qalmaqda davam edəcək. Çünki Azərbaycan İsrail, Türkiyə kimi ölkələrdən PUA alışını asanlıqla həyata keçiriir. Ermənistan isə bu imkanlardan məhrumdur. Halbuki, PUA sahəsində məhz İsrail, Türkiyə, ABŞ kimi ölkələr xeyli nailiyyət əldə edib. ABŞ hazırda heç bir ölkəyə PUA satmır. Deməli, Ermənistanın bu ölkədən PUA alması da mümkün deyil. Bu fonda Azərbaycan İsrail və Türkiyədən PUA alışını davam etdirir, özü də yenilərini daxili istehsalla ərsəyə gətirir. Bu istiqamətdə Türkiyə ilə də işbirliyi genişləndirilir.
Xatırladaq ki, Qarabağdakı döyüş əməliyyatlarından sonra Türkiyə istehsalı pilotsuz uçuş aparatlarının şöhrəti artmaqda davam edir. İsrailli hərbi ekspert Set Frantsman da qeyd edir ki, Qarabağ müharibəsi zamanı Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişib. Onun sözlərinə görə, Azərbaycan müdafiə büdcəsinin mühüm hissəsini İsrail və Türkiyə istehsalı olan PUA-ların alınmasına yönəldib: "Azərbaycan çoxlu sayda İsrail istehsalı olan və "kamikadze dronlar" kimi tanınan PUA işə salmışdı. Əgər düşmənin mürəkkəb hava hücumundan müdafiə sistemləri yoxdursa, bu dron dəstəsi hədəfləri asanlıqla sıradan çıxara bilir. Dronların ilk təbəqəsi hava hücumundan müdafiə sistemini, ikinci təbəqəsi tankları, üçüncü təbəqəsi isə artilleriyanı məhv edir. Bundan sonra yalnız düşmən əsgərlərini zərərsizləşdirmək qalır". Elə bu fonda qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin mütəxəssisləri də Azərbaycan ordusunun Qarabağda beşinci nəsil müharibə təcrübəsini ortaya qoyaraq dronlardan kütləvi istifadə etməklə qazandığı inamlı qələbədən sonra ənənəvi qoşun növlərinin silahlanma konsepsiyasını dəyişmək üzərində düşünürlər.
“The Washington Times” qəzeti də yazır ki, Pentaqon təcili qaydada hərbi sənaye şirkətlərinin liderlərinin iştirakı ilə toplantı keçirərək, dronlara qarşı yeni mübarizə vasitələrinin işlənib hazırlanmasını müzakirə edəcək. Qəzetin yazdığına görə, ABŞ ordusu istəyir ki, dronlara qarşı mübarizə vasitəsi döyüş meydanında hətta adi sıravi əsgərin də arsenalında olsun. Pentaqonun dronlarla mübarizə şöbəsinin rəhbəri, general-mayor Şon Geyni qeyd edir ki, istər silahlı, istər silahsız dronlar sürətlə yayılan, bahalı olmayan və yüksək effektivlikli hərbi aktivlərə çevrilir, rəqibin mövqelərində kəşfiyyat aparmaq və ya ABŞ hərbi personalına ölümcül hücumlar həyata keçirmək imkanındadır. Bu səbəbdən ABŞ ordusunda kiçik pilotsuz uçan aparatlara qarşı mübarizə aparmaq, artmaqda olan təhdidə qarşı strategiya işləyib hazırlamaq üçün birgə bölmə yaradılıb.
Qəzet qeyd edir ki, ABŞ artıq dünyada hərbi dronlar texnologiyası sahəsində inhisara malik deyil: “Bütün dünyanın hərbi analitikləri Azərbaycanla Ermənistan arasında bir neçə ay əvvəl başa çatmış müharibəyə dair məlumatları diqqətlə təhlil etməkdədir. Azərbaycan ordusunun bu müharibədə inamlı qələbəsi əsasən İsrail və Türkiyə istehsalı olan pilotsuz aparatlardan istifadə ilə şərtləndirildi, onlar düşmən qoşunlarının və artilleriyasının mövqelərini dağıdıcı effektlə aşkara çıxardı”.
Tahir TAĞIYEV