“Putin, Şoyqu və Lavrov Azərbaycandakı erməni əsirlərin qaytarılması üçün şəxsən çalışırlar”. Bu barədə erməni mediasına açıqlamasında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
Qeyd edək ki, Sergey Kopırkin “erməni əsirlər” deyərkən Azərbaycan Ordusunun Xocavənddə saxladığı diversantları nəzərdə tutub. Bununla yanaşı, səfir açıqlamasında qeyd edib ki, həmin erməni hərbçilərin - diversantların qaytarılması prosesi uzun çəkəcək: “Şişirtmədən deyirəm ki, bu məhz o məsələdir ki, prezident, xarici işlər naziri və müdafiə naziri şəxsən məşğul olur. Məsələ gözlənildiyi kimi tez həll olunmayacaq, amma inanın ki, bunun üçün əlimizdən gələni edirik. Əminəm ki, məsələ dəqiq həll olunacaq”.
Əvvəla 10 noyabr razılaşmasından sonra saxlananlar hərbi əsir yox, diversantdırlar. Bunu Azərbaycan dəfələrlə rəsmən bəyan edib. Digər tərəfdən, səfirin diplomatik çərçivəni aşaraq bu cür əminliklə danışması, eyni zamanda, yersiz ümid verməsi nə dərəcədə doğrudur?
“Heç bir ölkə Azərbaycanın bu məsələdə qərarına təsir edə bilməz”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, səfirin öz səlahiyyətlərindən kənara çıxaraq belə açıqlama verməsi diplomatik normalara uyğun deyil: “Azərbaycanda saxlanan erməni diversantlar terrorçuluq fəaliyyətinə görə həbs ediliblər. Çünki onlar məlum atəşkəs bəyannaməsindən sonra terrora əl atıblar. Bu səbəbdən onları hərbi əsir kimi təqdim etmək doğru deyil. Onların mühakiməsi yalnız terrorizmə uyğun maddələrlə təsbit edilməlidir. Ümumiyyətlə, bu istiqamətdə söz sahibi Azərbaycandır. Heç bir ölkə Azərbaycanın bu məsələdə qərarına təsir edə bilməz. Səfir Kopırkinin məlum açıqlaması tamamilə yersiz və diplomatik normalardan uzaqdır. Moskva terrorçuların azad edilməsinə çalışırsa, bu, Kremlin avantürist siyasətidir. Səfirin bu açıqlaması İrəvanın maraqlarına uyğundur və öz vəzifəsindən kənar işlərlə məşğul olmaq deməkdir. Azərbaycan tərəfi qəti şəkildə bu məsələdə öz mövqeyini qoruyub saxlamalıdır. Erməni terrorçularını mühakimə etməlidir ki, gələcəkdə bu kimi hallar baş verməsin. Rusiya tərəfi iki ölkə arasında birbaşa vasitəçidir və birgə komissiya çərçivəsində müəyyən problemlərin həlli istiqamətində işlər davam etdirilir. İlk növbədə, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, silahlı erməni birləşmələrini Qarabağdan çıxarmalıdır”.
Bununla yanaşı, politoloq onu da vurğuladı ki, Ermənistan bu cür diversiya əməlləri törətməyəcəyi barədə təminat verməlidir.
Vidadi ORDAHALLI