Azərbaycanın 44 günlük zəfər müharibəsi Ermənistanın tək hərbi deyil, iqtisadi, siyasi və demoqrafik çöküşünü sürətləndirməkdədir. Hərbi-siyasi məğlubiyyət insanlarda pessimizm əhval-ruhiyyəsini artırmaqla yanaşı, onlarda sabaha inam hissini tamamilə məhv etmək üzrədir.
Nikol Paşinyan hakimiyyətə gələndə əhali ümid edirdi ki, tez bir zamanda forpost ölkə damğasından qurtulmuş olacaq. Ancaq gözləntilər özünü doğrultmadı. Eyni zamanda, 44 günlük müharibədə biabırçı məğlubiyyət insanların Ermənistanın gələcəyinə olan ümidlərini ürəklərində qoydu. İllər uzunu ermənilərə yeridilən millətçilik, məğlubedilməzlik ideologiyası 44 günün içində əriyib yox oldu. Ona görə də pandemiya ilə bağlı şərtlər yumşaldıqca, ermənilər çixış yolunu xaricə miqrasiya etməkdə görürlər. Əsasən də Rusiyaya köç edirlər.
Ermənistanın “Tert.am” saytı Rusiyaya üz tutanların acınacaqlı durumundan bəhs edib. Rusiyaya pənah aparan biri deyir ki, təyyarə bileti almaq üçün inəyini satıb. “İş yoxdur, çıxış yolunu ancaq bundan gördüm” deyən şəxsə nədən burada qalıb maldarlıqla məşğul olmadığı sualı ünvanlanıb. “Hansı maldarlıqdan danışırsınız? Nə suvarma, nə də otlaq sahəsi mövcuddur” - deyə bildirib. Başqa biri maşını satıb getmək istədiyini vurğulayıb. Digər bir problem koronavirus testi ilə bağlıdır. Belə ki, test verdikləri laboratoriyaların nəticələri Rusiya tərəfindən tanınmır.
Göründüyü kimi, Ermənistandan Rusiyaya yeni biabırçı köç dalğası start götürüb. Özü də budəfəki köç 90-cı illərdən fərqlidir.
“Bütün bunlar onu göstərir ki, başqasının ərazisinə göz dikməyin axırı belə olur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, ermənilər əsiri olduqları xəstə ideologiyanın cəzasını çəkirlər: “Əslində, bu, ilahi ədalətin bərpasıdır. Çünki əsrlər boyu onlar Azərbaycan ərazilərinə göz dikdilər. Yaşadıqları Osmanlı imperiyasına xəyanət etdilər. Himayədarlarından güc alaraq metr-metr ərazilərimizi işğal etdilər. Tarixi Azərbaycan ərazilərində yoxdan Ermənistan yaratdılar. Sonrakı mərhələlərdə digər ərazilərimizi də ələ keçirdilər. Bütün bunlar azmış kimi, Dağlıq Qarabağ və ətraf 7 rayon işğal olundu. Sonrakı danışıqlar mərhələsində məlum oldu ki, işğalçı Ermənistan nəinki Dağlıq Qarabağı, heç ətraf rayonları da geri qaytarmaq istəmir. Ona görə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tarixi ədaləti bərpa etdi. İllərlə mövcud olan işğal faktoruna son qoyuldu. Baxmayaraq ki, Ermənistan 90-cı illərdə qalib tərəf idi, amma bu amil ölkədən miqrasiyanı dayandırmadı. Ancaq bundan sonra isə Ermənistanın daha da boşalacağı güman edilir. Ona görə ki, məğlub tərəfdirlər. Azərbaycanın maddi sərvətlərini daha talaya bilmirlər. Hansı ki, ötən 30 ildə Ermənistan qanunsuz olaraq işğal olunmuş ərazilərin sərvətlərini istismar edirdi. Hər il bundan milyonlarla vəsait əldə edirdilər. Bundan nəinki Qarabağdakı separatçılar, Ermənistan əhalisi də bəslənirdi. İndi bütün bunlar əldən çıxdığı üçün erməni əhalisi çıxış yolunu xaricə köç etməkdə görür. Bunun nəticəsidir ki, varını-yoxunu satıb Rusiyaya üz tuturlar. Bütün bunlar onu göstərir ki, başqasının ərazisinə göz dikməyin axırı belə olur”.
Şərqşünas onu da qeyd etdi ki, ermənilər xəbis niyyətə sahib olduqları üçün çətin bütün bunlardan nəticə çıxarsınlar.
Vidadi ORDAHALLI