Azərbaycan Ordusunun birlik komandirləri, general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər. Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.
Qeyd edək ki, bir müddət əvvəl isə Müdafiə Nazirliyi Baş Qərərgah rəisi Nəcməddin Sadıxovun da artıq orduda qulluq etmədiyi və Rusiyada müalicə olunduğuna dair məlumat rəsmən təsdiqləndi. Hər üç general Azərbaycan ordusunda kifayət qədər yüksək postlar tutub və cəmiyyətdə tanınan şəxslərdi. Uzun müddət idi ki, bu üç generaldan xəbər yox idi. Artıq məlum oldu ki, onların hər üçü ordudan ehtiyata buraxılıb. Maraqlıdır, bu şəxslərin adı Azərbaycanın dövlətçilik və hərb tarixində necə qalacaq?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu üç generalla bağlı uzun müddətdir söz-söhbətlər gəzirdi: “Hər üç zabit ordumuzun ali rütbəli şəxsləri sırasına aiddir. Mənəviyyatım və zabitlik etikam imkan vermir ki, onlar barədə daha sərt ifadələr seçim. Ancaq 1992-ci ildən Azərbaycan Ordusunda xidmət edən bir şəxs kimi onların fəaliyyəti haqda məlumatlıyam. Nəcməddin Sadıxov hərbi akademiyanı bitirən kimi Azərbaycan Ordusunda xidmətə başladı. Gələn kimi də onu döyüşlər gedən istiqamətə göndərdilər. Tərtər istiqamətində xidmətə başladı. Cəbhənin həmin istiqaməti hər iki müharibədə bizim üçün II Dünya savaşında Stalinqradın oynadığı rola bərabər olub. Ancaq onun sonrakı fəaliyyəti bir qədər fərqli oldu. Məhz bunun da nəticəsidir ki, onunla bağlı ictimai rəydəki münasibət birmənalı deyil. Yəni mənfidir. Hər bir zabit vəzifəyə təyin edilərkən, tutduğu vəzifəyə görə özünü doğrultmalıdır. Qeyd edilən üç general haqda bunu deyə bilmərik. Xüsusilə də müharibə günlərində onların prosesdən uzaq saxlanmaları onu deməyə əsas verir ki, zabit kimi etibarı itiriblər. Çünki xidməti generaldan daha çox oliqarxlaşmış məmur obrazına girmişdilər. Onlar tutduqları vəzifəni biznes subyektinə çevirmişdilər. Əlbəttə, belə biznesmen generallarla döyüş aparmaq asan deyil. Bu baxımdan da onların döyüşdən kənar tutulmasını doğru addım sayıram. Onların əvəzinə vəzifəsinin öhdəsindən məharətlə gələn digər gənc generallarımız etimadı tam doğruldub, bizə qələbə sevincini yaşatdılar. Orduda belə bir deyim var: “Keçmiş xidmətinə görə çox sağ ol, ancaq bugünkü xidmətin göz qabağında olmalıdır”. Əgər bu faydalı deyisə, deməli, həmin adam düzgün yolda deyil”.
Ekspertin sözlərinə görə, həmin generallara olan münasibəti biz ictimaiyyətin reaksiyasında daha aydın görürük: ”Bu generalların xidmətdən uzaqlaşmasına hamı sevinirsə, deməli, onlar qüsurlu xidmət yolu keçiblər”.
Məhəmmədəli QƏRİBLİ