Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib. Bunu mətbuata açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycan hökuməti AİHM-ə ərizə təqdim edib.
K.Cəfərov hesab edir ki, burada əsas məqsəd Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinin birbaşa pozuntusunu sübut etməkdir: “Hesab edirəm ki, müəyyən çətinliklər olsa da, qarşıya qoyulmuş hədəfə çatacağıq. Birincisi, bu bizim haqq və beynəlxalq ədalət uğrunda mübarizəmizdir. İkincisi, AİHM təcrübəsində dövlətlərə qarşı bu cür iddialar qaldırılıb, bizim ərizəmizin də xeyrinə olan işlər var. Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu Ermənistanın işğal etməsi nəticəsində vətəndaşların bir sıra hüquqlarının pozulması məsələləri qaldırılır. Həmçinin, Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi (Birinci Qarabağ müharibəsində) və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür”.
Deputatın açıqlamasına görə, orada 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq şəhər və kəndlərin, mülki infrastrukturun kasetli, fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutmasından bəhs edilib: “Bunun nəticəsində 93 şəxsin, o cümlədən, 12 uşağın, 28 qadının həlak olması, 423 şəxsin yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılır”.
Deputat onu da qeyd edib ki, bu, dövlətlərarası səviyyədə Ermənistana qarşı ilk işdir.
Bütün bu deyilənlərlə yanaşı, Ermənistanın təcavüzü ilə bağlı AİHM-ə müraciət olunmasının nə kimi hüquqi perspektivləri var?
“Bütün hallarda, Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir”
Məsələyə münasibət bildirən hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, Ermənistanla bağlı şikayətin hüquqi perspektivi var: “Sözün düzü, biz bu məsələdə bir az gecikmişik. Çünki gərək ötən 30 il ərzində biz bu addımı atmalıydıq. Niyə bu addımın atılmamasını isə deyə bilmərəm. Bir hüquqşünas kimi zaman-zaman bununla bağlı iradlarımı dilə gətirmişəm. Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmə müstəvisində məsələnin qaldırılmasının tərəfdarı olmuşam. Erməni əbləhləri biz həm beynəlxalq tribunala, həm də AİHM-ə verməliyik ki, bu, onlara görk olsun. Adətən cəzasızlıq mühiti digər cinayətlərin törədilməsinə şərait yaradır. Bu mənada Ermənistanı hərtərəfli cəzalandırmaq lazımdır. Bu gün də bizim mülki vətəndaşlarımız və əsgərlər azad olunmuş ərazilərdə minalara düşürlər. Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir. Buna görə onlar cavab verməlidirlər. Faşist Almaniyası kimi Ermənistan da beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Ona görə də Azərbaycanın dövlət səviyyəsində Ermənistanın təcavüzü ilə bağlı AİHM-ə ərizə ilə müraciət etməsini alqışlayıram. Çünki Qarabağ müharibəsində Ermənistan tərəfi həm insanlıq əleyhinə cinayətlər törədib, həm də mədəni irsimizə divan tutub. Bu şikayətin mütləq mənada prossesual perspektivi olacaq. Yoxsa, başqa cür düşünmək mümkün deyil. Düzdür, bu bir az çətin bir prosesdir. Nəzərə almalıyıq ki, Ermənistanın himayədarları var. Ancaq bunun nəticəsi mütləq olacaq. Bizim bəzi politoloqlar mətbuatda belə fikirlər səsləndirirlər ki, Ermənistanın maddi təzminatı ödəmək imkanları yoxdur. Onların deyiminə görə, belə çıxır ki, biz nahaq əziyyət çəkirik. Mən hüquqşünas olaraq bu fikirlə qəti razı deyiləm. Hesab edirəm ki, bu cür açıqlamalar yanlışdır. Bütün hallarda, Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir”.
Hüquqşünas hesab edir ki, AİHM bizim iddia tələbimizi təmin etməsə, deməli, onlar da erməni vandallığının iştirakçısıdır və bunun arxasında dayanırlar.
Vidadi ORDAHALLI