Azərbaycanın işğaldan azad olunan ərazilərində qədim Alban-udi mədəniyyətinə, zəngin memarlıq irsinə aid xeyli sayda məbəd, kilsə və monastır var. Bu məbədlərin çoxu mənfur ermənilər tərəfindən dağıdılıb, talan olunub.
Alban-udi məbədlərinin üzərindəki əlyazmaların orijinalları hamısı ermənilər tərəfindən məhv edilib. Alban kilsələrində, demək olar ki, alban dilində yazı nümunəsi qalmayıb. Ermənilər bununla da Qafqaz Albaniyasının tarixinə məxsus maddi-mədəni irsi saxtalaşdırmağa və Albaniyanı "özününküləşdirməyə" çalışıblar.
Ermənilər işğal altındakı bütün Alban-udi məbədlərini qriqorianlaşdıraraq özününküləşdiriblər
Kəlbəcər rayonunda bu yaxınlarda saxta tarixi daşların hazırlandığı müəssisənin aşkarlanması onu göstərir ki, ermənilər bu işdə professionaldırlar. Bu müəssisədə üstünə erməni-qriqorian xaçının həkk olunduğu daşlar kimyəvi məhlulda saxlanılaraq rəngi dəyişdirilib qədim daşlara bənzədilir və daha sonra həmin daşlar yerə basdırılır ki, gələcəkdə arxeoloqlar onları aşkar etdikdə ermənilərə məxsus olduğunu görsünlər. Məsələn, indi onlar iddia edirlər ki, Xudavəng məbədi erməni qriqorian kilsəsinə məxsus dini abidədir. Tarixə nəzər yetirdikdə isə bu abidənin albanlar tərəfindən inşa edildiyini görürük. Üstəlik, əgər Xudavəng onların abidəsidirsə, o halda niyə bu məbəd əsrlərdir boş qalmışdı? Niyə ermənilər gəlib bu məbəddə ibadət etmirdilər? Abidəni min ildir ki, müsəlman azərbaycanlılar qoruyub saxlayıb. Ermənilər isə yalnız Kəlbəcər işğal olunandan sonra Xudavəngi kilsə kimi istifadə etməyə başlayıb və onu qriqorianlaşdırmağa çalışıblar. Bütün bu faktlar onu göstərir ki, ermənilərin iddiaları nə tarixə, nə də reallığa uyğun gəlir. Ermənistanın Azərbaycana qarşı təcavüzündən sonra ermənilər işğal altındakı bütün Alban-udi məbədlərini qriqorianlaşdıraraq özününküləşdiriblər. Bu məqsədlə Alban kilsələrinin, o cümlədən Xudavəng, Gəncəsər və Ağoğlan məbədlərinin interyerinə, ornamentlərinə və bədii daş nümunələrinə dəyişikliklər ediblər.
Prezident: "Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir”
Qeyd edək ki, Azərbaycan başqa ərazilərində olan Alban-udi irsini qoruyub saxlayıb. Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən və bəzi tədqiqatçılara görə Qafqazın ilk kilsəsi olan Müqəddəs Yelisey kilsəsi, eləcə də Qəbələ rayonu Nic qəsəbəsində yerləşən Cotari Alban-Udi kilsəsi başda olmaqla Qafqaz Albaniyasına məxsus çox sayda dini abidə dövlət tərəfindən təmir olunub. Bu proses indi də davam etməkdədir. Qədim alban kilsələri və monastırları dövlət hesabına restavrasiya olunur. Bu da Azərbaycan hökumətinin qədim alban-udi irsinə verdiyi dəyəri göstərir. Ölkə başçısı dəfələrlə öz çıxışlarında Qafqaz Albaniyası irsinin bizim üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 25 noyabrda Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə xalqa müraciətində də "Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq" deməklə Azərbaycan hökumətinin alban irsinə verdiyi dəyəri bir daha dilə gətirib.
Alban-Udi Xristian Dini İcması Qədim Qafqaz Alban Apostol Kilsəsinin mənəvi varisidir
Azərbaycan həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində, ərazilərimizlə yanaşı, həm də alban-udi mədəniyyətinə aid olan dini abidələri və ibadət yerlərini əsl sahiblərinə qaytarmış oldu. Artıq ölkəmizdə işğaldan azad edilmiş həmin məbədlərin Alban-Udi Xristian Dini İcmasının ixtiyarına verilməsi təklifinə çox müsbət yanaşma ortaya qoyulur. Alban-Udi Xristian Dini İcması Qədim Qafqaz Alban Apostol Kilsəsinin mənəvi varisidir və əgər sözügedən kilsələr hansısa icmanın nəzarətinə veriləcəksə, bu ilk növbədə alban-udi icmasının haqqıdır. Alban-udi icması alban məbədlərinin ermənilər tərəfindən dağıdılmasını və qriqorianlaşdırılmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində çox işlər görüb və görməkdə davam edir.
Udi dini icmasının nümayəndələri Xudavəng monastır kompleksində...
Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Ermənistan işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksində İsa peyğəmbərin mövludu gününü - Milad bayramını qeyd ediblər. Bu, icma nümayəndələrinin məbədə ikinci səfəri olub. Onlar monastırı ilk dəfə ötən il dekabrın 4-də ziyarət ediblər. Dağların qoynunda yerləşən məbəd əzəmətli görünüşü ilə diqqəti ilk baxışdan özünə cəlb edir. Buradakı tikililər, daş abidələr kompleksin qədim tarixindən xəbər verir. Otuz il düşmən əsarətində qalan bu tarixi abidə nəhayət öz sahiblərinə qaytarılıb. İcma nümayəndələri məbəd kompleksinə aid kilsədə ayinlər icra edib, bayram duaları oxuyublar, kilsədə şamlar yandırıblar.
Bayramı Xudavəng monastırında ilk dəfə qeyd etmək məmnunluğu...
Bu gün tarixi Alban abidələrimizdən olan bu məbəddə illərdir ibadət edəcəkləri günü səbrsizliklə gözləyən udilərin öz ayinlərini icra etmələri böyük əhəmiyyətə malik hadisədir. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıb: “Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur”.
Anım mərasimi başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafiq Danakari Milad bayramının mahiyyətindən danışıb, torpaqlarımız düşməndən azad olunduqdan sonra bu bayramı Xudavəng monastırında ilk dəfə qeyd etmələrindən məmnunluğunu bildirib. O, həmçinin, Azərbaycanda etiqad azadlığının təmin olunmasından, milli azlıqlar üçün yaradılan şəraitdən, dövlətin onlara diqqət və qayğısından söz açıb.
“Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildiririk”
Xudavəng məbədinin həm tarixən, həm də memarlıq üslubu baxımından Alban Apostol Kilsəsinə məxsus olduğunu söyləyən icma sədrinin müavini ermənilərin qədim monastırda etdikləri saxtakarlıqların açıq şəkildə gözə çarpdığını deyib: “Artıq 27 ildir ermənilər bu məbədi zəbt edərək özəlləşdiriblər, saxtalaşdırıblar. Bu, monastırın giriş qapısındakı erməni xaçkarlarında və daxildəki bir çox müasir xaç elementlərində özünü büruzə verir. Uzun müddətdir düşmən tapdağında olan torpaqlarımız şükürlər olsun ki, azad edildi. Buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildiririk. Həm də ona görə təşəkkür edirik ki, Qarabağda yerləşən tarixi-memarlıq abidələrini, bu monastırı öz sahiblərinə qaytardı".
Azərbaycanın Alban-Udi Xristian İcmasının nümayəndələri fevralın 6-da isə Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını ziyarət ediblər. Tədbirə Alban-Udi Xristian İcması ilə yanaşı, Vətən müharibəsində iştirak etmiş udi gəncləri də qatılıb. Alban-Udi Xristian İcmasının sədr müavini Danakari Rafik Araminin rəhbərliyi ilə “Ağoğlan” məbədində ayin keçirilib, dualar oxunub, şamlar yandırılıb. Ayindən sonra Damakari Rafik Arami jurnalistlərə açıqlamasında bu günün udi icması üçün müqəddəs gün olduğunu bildirib: “180 ildən sonra ilk dəfə biz “Ağoğlan” məbədinə gəldik. Ona görə ki, bu kilsəni bizim ulu babalarımız ziyarət ediblər. Biz də bu gün həm icma nümayəndələri, həm də Vətən müharibəsində iştirak edən əsgərlərlə bura gəlib ziyarət etdik, dualar oxuduq, mumlar yandırdıq. Allaha şükürlər etdik ki, müharibə bitdi, torpaqlarımız işğaldan azad olundu. Biz Qarabağ müharibəsində şəhid olanlar üçün dualar oxuduq, yaralıların şəfa tapmasını arzuladıq”.
Azərbaycanda olan bütün məscidlər, kilsələr və sinaqoqlar Azərbaycan xalqının irsidir
İcmanın sədr müavini Azərbaycanın multikultural ölkə olmasını bu gün dünyaya bir daha sübut etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda olan bütün məscidlər, kilsələr və sinaqoqlar Azərbaycan xalqının irsidir. "Ağoğlan" məbədində ermənilərin işğal müddətində etdikləri dəyişiklərə də toxunan sədr müavini monastırın mehrabının təhrif edildiyini diqqətə çatdırıb: “Alban məbədlərində mehrab 3, erməni kilsələrində isə 5-6 pilləkən hündürlüyündə olur. Ermənilər burada dəyişiklik edərək mehrabı daha hündür ediblər. Bundan başqa, xaçdaşları dəyişiblər. Divarlara erməni xaçları çəkiblər. Lakin binanın özünün konstruksiyası göstərir ki, bura alban məbədidir”.
Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi...
Bununla bir daha sübut olunur ki, Ermənistandan fərqli olaraq Azərbaycanda, paytaxt Bakıda və müxtəlif bölgələrdə minlərlə erməni əsilli vətəndaş əminamanlıq şəraitində yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası dövlət tərəfindən abadlaşdırılaraq qorunur. Azərbaycanın işğal olunmuş ərazilərində isə məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb və talan edilib, Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqorianlaşdırılıb, məscidlər tövləyə çevrilərək İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb. Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə yeksan edilib, qalan 3 məscidə isə ciddi zərər vurulub. Ermənistan öz ərazisində yerləşən tarixi Azərbaycan dini abidələrini – İrəvan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər məscidləri tamamilə uçurub, Göy məscidin arxitektura xüsusiyyətlərini dəyişərək özgəninkiləşdirib. Yalnız müsəlman məscidlərini məhv etməklə kifayətlənməyən Ermənistan Şuşadakı İohann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki alban-udi məbədlərini qəsb edərək qriqorianlaşdırıb. Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi “Böyük Ermənistan” yaratmaq xülyası ilə bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Çox sevindirici haldır ki, artıq işğal altında saxlanılan bütün ibadət yerləri öz sahiblərinə qaytarılıb. Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.