Ermənistanda müşahidə edilən son vəziyyət bu ölkə daxilində ictimai-siyasi durumun getdikcə daha gərgin müstəviyə qədəm qoyduğunu nümayiş etdirir. Xüsusən də postmüharibə dövründə Nikol Paşinyan iqtidarının nüfuzunun xeyli zədələnməsi fonunda hakimiyyətə can atanların sayının çoxalması proseslərin daha dramatik xarakter almasını şərtləndirir.
Bu fonda bir daha xatırladaq ki, Ermənistanda daxili gərginlik vətəndaşların mövcud hakimiyyətə qarşı narazılığını xeyli artırıb. Ölkə mediası bunun əyani sübutu kimi tanınmış erməni “Teleqram” kanallarından olan “Mediaport”un keçirdiyi sorğunu göstərir. Belə ki, sorğuda Ermənistan vətəndaşlarından “Əgər bu bazar günü parlamentə növbədənkənar seçkilər keçirilsə, “Mənim addımım” fraksiyasının üzvlərinə səs verərdinizmi”. - deyə soruşulub. Ermənilərin 5 faizi “hə”, 3 faizi cavab verməkdə çətinlik çəkdiyini, 93 faizi isə “yox” deyib. Xatırladaq ki, müharibə ərəfəsində də sosial mediada bu kimi onlayn sorğular təşkil edilirdi. O zaman Paşinyanın komandasına qarşı aqressiya, sorğunun nəticələrindəki fərq belə kəskin deyildi.
Məhz bu vəziyyətdə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan böyük siyasətə qayıtdığını bəyan edib. O, növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. Lakin indi Paşinyan komandası bundan imtina edir. Köçəryanın tərəfdarları bunu Paşinyanın onlardan qorxması ilə izah edir. Lakin Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının başçısı Lilit Makunts bunları təkzib edir. O, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarın təxirə salınmasında Köçəryan amlinin heç bir rol oynamadığını qeyd edir: “Biz Robert Köçəryanın növbədənkənar parlament seçkilərində iştirakından qorxmuruq. Onun bu qərarını müzakirə etməmişik. Qərarı qorxudan qəbul etməyimiz mümkün deyil. Növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi tərəfimizdən təklif edilib”. Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifi parlamentdəki müxalifət, eləcə də parlamentdənkənar qüvvələr tərəfindən də müsbət qarşılanmayıb.
Rusiyalı politoloq Oleq Kuznetsov isə bildirir ki, əslində, Köçəryanın hakimiyyətə gəlişi asan olmayacaq. Çünki bunu ölkə daxilində və xaricində istəyənlərin sayı heç də çox deyil. Bura Rusiya da aiddir: “Mən dəqiq bilirəm ki, Robert Köçəryan Moskvaya səfəri zamanı Rusiya rəsmilərindən heç biri ilə görüşməyib. Ölkəmizdə bir çox erməni mənşəli oliqarx var, lakin bu heç bir şəkildə onların və ya onlardan birinin yüksək kabinetlərə asanlıqla girməsi demək deyil. Köçəryan biznes aktivləri açıq-aşkar cinayət mənşəli olan və buna görə də Kremlin yüksək dairələrinə girməsi qadağan edilmiş, Rusiya standartlarına görə çox zəngin olmayan bir dollar milyoneridir. İndi isə gəlin, Robert Köçəryanın Ermənistanda böyük siyasətə qayıtmaq barədə dediklərini nəzərdən keçirək. Bunu erməni dilində deyil, danışığı zamanı vurğuları və intonasiyaları düzgün şəkildə işlədərək səlis rus dilində bildirdi. Və bunu Marqarita Simonyana tabe olan “Sputnik Ermənistan”a - faktiki rus nəşrinə dedi. Yəni əslində bu çıxışı erməni cəmiyyətinə və ya erməni siyasi sinfinə deyil, onunla əlaqə qurmaqdan imtina edən Rusiyanın ən yüksək siyasi rəhbərliyinə ünvanladı. Niyyətlərini erməni xalqına bəyan etmək istəsəydi, bunu erməni dilində və bəzi məşhur erməni nəşrlərində edərdi. Ancaq belə olmadı. Buradan yalnız bir nəticə çıxarmaq olar - Ermənistan mediası onu qətiyyən qəbul etmir və Köçəryan özü bunu yaxşı başa düşür. Onun ətrafında bir informasiya vakuumu yaradılıb ki, bunu da Köçəryan Rusiyadakı erməni diasporunun bu və ya digər şəkildə idarə etdiyi media vasitəsilə qırmağa çalışır. Görünür, erməni auditoriyasına təsir edəcək başqa bir mənbəyə sahib deyil”.
Ekspert bildirir ki, Köçəryan və ətrafındakı “Qarabağ klanı”nın Ermənistanda güclərini təkbaşına bərpa edə bilməsi üçün heç bir ilkin şərt yoxdur: “Erməni cəmiyyətinin əksəriyyəti Köçəryana və ətrafındakılara ölkədə “Qarabağ klanı”nın hakimiyyəti dövründə Ermənistanın bu klanın xammal əlavəsinə çevrilməsinə və çətin bir sosial-iqtisadi vəziyyətə düşdüklərinə görə nifrət edir. İrəvan ermənilərinin əksəriyyətinin Azərbaycanla müharibə nəticəsində bir şey itirdiyini düşünmürəm, amma “Qarabağ klanı” 2018-ci ilin mayından sonra qoruduğu bir çox şeylərin, ölkənin ictimai şüuruna təsir vasitələr də daxil olmaqla, hamısını itirdi. Buna görə Paşinyan bu qədər asanlıqla çox şeylə razılaşır və hətta parlament seçkilərinə təşəbbüs göstərir, çünki qələbəsindən tamamilə əmindir. Bu arada müxalifət də bunu başa düşür. Ermənistanın hərbi məğlubiyyəti nəticəsində hər şeyini itirən, lakin Qarabağ kökənli olmayan yalnız bir ovuc qışqırıqçı itirdiklərini geri qaytarmaq ümidi ilə Paşinyanın siyasi rejiminə qarşı etiraz mitinqlərinə çıxır.
Köçəryanın yenidən hakimiyyətini bərpa etməsi üçün heç bir vasitəsi yoxdur - nə güclü bir siyasi təşkilat, nə də orduda ciddi dəstək. Düşünmürəm ki, erməni oliqarxları ona maddi dəstək verəcək, xüsusən də biznesi Qərbə yönəlmiş olanlar, ona görə maliyyə məsələsində problem yaşayacaq. Beləliklə, onun üçün Rusiyadakı erməni diasporunun iradə və mənəvi dəstəyi xaricində təsirli bir güc mübarizəsi üçün heç bir real mənbə görmürəm və bu açıq şəkildə Paşinyanı devirməyə yetərli deyil”. Beləliklə, Ermənistanda xalq artıq nə Paşinyana, nə də onun əleyhdarlarına etimad edir.
Samirə SƏFƏROVA