Məlum olduğu kimi, Azərbaycan dövləti işğaldan azad edilən ərazilərə "Böyük Qayıdış" adlı layihəni icra etməyə başlayır. Söhbət sözügedən rayonlarımızda bərpa işləri və əhalinin yerləşdirilməsindən gedir.
Cənab Prezident dəfələrlə etdiyi çıxışlarda bu plan barədə danışıb. Həmin çıxışlardan bu nəticəyə gəlirik ki, proses planlı şəkildə həyata keçiriləcək. Layihənin icrası üçün külli miqdarda vəsait xərclənəcək. Həmin ərazilərin bərpası işində xarici sərmayənin də cəlbi gözlənilir. Artıq bir neçə ölkə bu planda yer almaq istədiyini bəyan edib. Belə olan təqdirdə, azad edilmiş rayonların bərpasına ayrılan pulun səmərəli xərclənməsi üçün hansı formada ictimai nəzarət lazımdır? Köhnə formada ictimai nəzarət mexanizmlərinə güvənsək hansı nəticəni əldə edə bilərik?
Qeyd edək ki, xarici kapitalın da iştirak edəcəyi prosesdə ictimai nəzarətin mükəmməlliyi həm də dövlətin imici məsələsidir.
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ictimai nəzarət hər zaman və bütün sahələr üzrə vacibdir: "Zamanında Pifaqordan soruşurlar ki, övladım dünyaya gələrsə, mən onu necə tərbiyyələndirim. Pifaqor cavab verir ki, əgər ədalətli cəmiyyətdə doğularsa, kifayətdir. Mən bu misalı ona görə çəkirəm ki, həmin sərmayəni xərcləyəcək şəxslərin nə dərəcədə ədalətli olmasından çox şey asılıdır. Görək, nə dərəcədə Vətənə sədaqət göstərəcəklər və hansı səviyyədə Prezidentin etimadını qoruyacaqlar. Bu olacaqsa, heç ictimai nəzarətə ehtiyac da qalmaz. Amma XXI əsrdə ictimai nəzarət zəruridir. Özü də yeni yanaşma, innovativ metodlara əsaslanan ictimai nəzarətin qurulması çox vacibdir. Bu məsələdə vətəndaş cəmiyyətinin üzvlərinə daha çox üstünlük verilməlidir. Xüsusilə də jurnalistlər və QHT təmsilçiləri üstünlük təşkil etməlidir. Həmin prosesdə iştirak edəcək ictimai nəzarətdə təmsil olunacaq şəxslərin siyahısı mütləq mənada yuxarı səviyyədə məmurlar tərəfindən təsdiqlənməli və belə mexanizmin mövcudluğu ilə bağlı ölkə başçısına məlumat verilməlidir. Həmin şəsxlər vəsaitlərin xərclənməsinə ciddi nəzarət imkanı əldə etmiş olacaq. Hazırda Milli Məclisdə bir qrup deputat qanunların icrasına nəzarət üçün qrup yaradır. Belə mexanizmə ehtiyac görmürəm. Çünki belə çıxır ki, deputatlar özləri özlərinə nəzarət edəcək? Bu səbəbdən də ictimai nəzarət mütləq mənada vətəndaş cəmiyyətinin üzvlərinə həvalə edilməlidir. Qanunlar nə qədər yığcam olarsa, ona nəzarət etmək də o qədər asan olar”.
Ekspertin sözlərinə görə, “Qayıdışla bağlı siyasət dövlət siyasətinin ana xəttini təşkil edir. İşğaldan azad edilən ərazilərin bərpasına çox böyük vəsait sərf ediləcək. Xeyli müddət davam edəcək prosesə ciddi ictimai nəzarət lazımdır. Xarici sərmayə ilə bağlı məsələ isə bizim dövlətimizin qüruru anlamına gəlir. Heç cür imkan verə bilmərik ki, şəhid qanı ilə suvarılan həmin torpaqlar korrupsiya mənbəyinə çevrilsin”.
Məhəmmədəli QƏRİBLİ