Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfərdə olublar. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.
H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda akkreditə olunmuş səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə birlikdə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgələrini ziyarət etmək üçün yola çıxıblar.
Onlar ermənilər tərəfindən dağıdılmış qəbiristanlığa baş çəkiblər. Dünyada tanınmış rəssam Reza Deqqəti bildirib ki, son 30 ildə Dağlıq Qarabağ münaqişəsinə, erməni işğalına dair şəkillər çəkir: “Qarabağda müharibə yenidən başlayan kimi mən təkrar Azərbaycana gəldim. İndiyədək dünyanın müxtəlif münaqişə bölgələrində olmuşam. Amma buradakı kimi dəhşəti az görmüşəm. İşğal edilmiş ərazilərdə ermənilər tərəfindən insanlığa qarşı cinayət törədilib. Qəbirlər ekskovatorla qazılıb, sümüklər çıxarılıb. Ermənilər o qədər qəddardırlar ki, cəsədlərin çıxarılmasından ləzzət alıb, qızıl dişlər axtarıblar”.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri əvvəlcə Cocuq Mərcanlı kəndində olublar.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər barədə ümumi məlumat verib, həmçinin Cocuq Mərcanlının qayıdış rəmzi olduğunu bildirib.
Qeyd edək ki, artıq belə səfərlər neçənci dəfədir təşkil olunur. Strateji və taktiki anlamda bunun nə kimi effektləri var?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu çox təqdirəlayiq addımdır və davam etdirilməlidir: “ İşğal olunmuş bütün ərazilərimizə belə səfərlər təşkil edilməlidir ki, diplomatlar ermənilərin törətdiyi vəhşilikləri öz gözlərilə görsünlər. Prosesdə Prezidentin köməkçisi Hikmət Hacıyevin iştirakı da zəruridir. Çünki onun cəmiyyətdə müsbət imici var, həm də vəzifəcə ranqı yüksəkdir. Prezidentin köməkçisinin belə səfərlərdə iştirakı diplomatları daha da həvəsləndirir. Çox vacib bir neçə nəticə əldə edirik. Diplomatlar öz gözləri ilə hər şeyin şahidi olur. Ermənilər yalan uydurmağa ustadırlar. Deyə bilərlər ki, həmin dağıntılar müharibə zamanı olub. Hətta belə cəhdləri olub da. Ancaq diplomatların yerində vəziyyətlə tanış olmaları, bununla bağlı öz ölkələrinə hesabatlar göndərmələri çox yaxşıdır. Azərbaycanın haqlı mövqedə olduğunu sübut edən təkzibedilməz dəlillər yaranır. Müharibədən sonra mübarizə diplomatik müstəviyə keçir. Bunun üçün ortaya ciddi faktlar qoyulmalıdır. İstənilən müstəvidə aparılacaq müzakirələrdə diplomatları səfərdə iştirak etmiş ölkələrin daha prinsipial mövqeyinin ortaya çıxdığını görə bilərik. Digər tərəfdən isə Azərbaycan Ermənistandan təzminat istəməlidir. Kontrabusiyanın ödənilməsi ilə bağlı belə faktların qeydə alınması önəmlidir. Bu istiqamətdə gedən müzakirələrdə dünya bilməlidir ki, ermənilər etdiyi vəhşiliyin bədəlini həm də maddi cəhətdən ödəməlidir”.
QAT sədrinin sözlərinə görə, prosesi davamlı etmək lazımdır.
Məhəmmədəli QƏRİBLİ