Məlum olduğu kimi, Azərbaycanda 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin məbləği açıqlanıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 2.2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
İşğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal sahələrinin, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi) məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılacaq.
Ancaq pandemiya ilə bağlı dünyada məhdudiyyətlərin yumşaldılması fonunda son günlər neftin qiyməti bahalaşmaqdadır. Artıq neftin bir barreli 60 dollara çatıb və qiymətin daha da bahalaşacağı proqnozlaşdırılır. Məsələ ondadır ki, iqtisadi aktivlik artdıqca, dünyada neftə olan tələbat yüksələcək. Bu isə qiymətlərin artması deməkdir. Neftin bahalaşması isə Azərbaycanın daha çox gəlir əldə etməsi deməkdir. Bununla yanaşı, Azərbaycan artıq öz qaz resurslarını Avropaya çıxarıb. Bu o deməkdir ki, bizim qazdan əldə etdiyimiz gəlir də artacaq.
O üzdən, neftin bahalaşması, qaz gəlirləri ərazilərin bərpasına daha çox vəsaitin ayrılması və bu istiqamətdə işlərin sürətləndirilməi baxımından nə kimi perspektiv vəd edir?
“Nəzərdə tutulan layihələrin daha tez icra edilməsinə kömək edəcək”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, gəlirlərin artacağı təqdirdə ərazilərin bərpasına daha çox vəsaitin yönəldilməsi istisna deyil: “Çünki vəsaitlər artdıqca, bərpa işlərinin sürətlənməsi üçün yeni imkanlar yaranacaq. Nəzərə almaq lazımdır ki, bizim bu sahədə təcrübəmiz var. Söhbət ondan gedir ki, büdcə gəlirləri artırsa, proqnozdan əlavə vəsait daxil olursa, birinci növbədə, sosial tədbirlərə yönəldilir. Yəni bu vəsait əməkhaqlarının, müavinətlərin, digər sosial ödənişlərin artırılmasına yönəldilir. Bu kateqoriyadan olan sahələrə dəstəklə yanaşı, digər sahələrə də vəsaitlərin ayrılması ilə bağlı imkanlar yaranır. Bununla bağlı bizdə praktika var. Təbii ki, gəlirlər artarsa, o zaman işğaldan azad edilmiş ərazilərin bərpasına büdcədə nəzərdə tutulduğundan daha çox vəsait yönəldiləcək. Bu isə bərpa prosesinin həm miqyasına, həm də sürətinə müsbət təsir edəcək. Nəzərdə tutulan layihələrin daha tez icra edilməsinə kömək edəcək. Nəzərə almaq lazımdır ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv ediblər. Quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra çox ciddi nəticələr əldə edəcəyik. Azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpasının müasir tələblər nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tutulur. Bütün bu işlərin görülməsi üçün böyük vəsaitə ehtiyac var”.
Millət vəkili hesab edir ki, neftin dünya bazar qiymətinin artması bütün bu işlərin görülməsi ilə bağlı yeni-yeni perspektivlər vəd edir.
Vidadi ORDAHALLI