Məlum olduğu kimi, Dağlıq Qarabağdakı separatçı rejimin bir sıra qondarma qurumları var. Belə ki, separatçı rejimin “prezidenti”, “parlamenti”, “xarici işlər nazirliyi” və digər bu kimi qondarma qurumları öz varlıqlarını göstərmək istəyirlər. Düzdür, separatçı qurum tanınmadığı üçün, onun hansısa qondarma qurumlarının varlığı elə bir əhəmiyyət kəsb etmir. Ancaq o da var ki, separatçıların “xarici işlər nazirliyi” adlı qurumu qanunsuz da olsa, bu və ya digər təmaslara cəhd edir. Hətta Ermənistan pasportu altında xaricə səfər edib müəyyən görüşlər keçiriblər və s.
Uğurlu 44 günlük müharibə zamanı Ermənistan ordusuna endirilən güclü zərbədən sonra ərazilərin böyük hissəsi işğaldan azad edildi. Döyüş əməliyyatlarından sonra regionda situasiya əhəmiyyətli şəkildə dəyişib. O üzdən, qondarma “Artsax”ın qondarma qurumlarının rəsmən buraxılması vaxtı çatıb. Nəzərə alsaq ki, separatçıların olduğu Qarabağın kiçik hissəsinə Rusiya sülhməramlıları nəzarət edir, o zaman bu məsələdə də onların üzərinə müəyyən iş düşür. Çünki tanınmayan qurumun “idarəetmə orqanları” deyilən şey butun tənzimləmə prosesini alt-üst edir. Ərazi bütövlüyünün bərpası hara, Qarabağda “XİN” var deyilməsi hara...
Maraqlıdır, separatçıların qondarma qurumlarının buraxılması işi hansı prosedur əsasında və kim tərəfindən aparılmalıdır? Bu işdə Ermənistanın rolu nə olmalıdır?
“Tələb qoyulmalıdır ki, bəlli bir müddət ərzində separatçıların qondarma qurumları buraxılsın”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə aspektdən yanaşdı: “Vətən müharibəsindən sonra baş verən proseslərə bir daha nəzər yetirsək görərik ki, Qarabağda separatçılar rus sülhməramlıları hesabına öz varlıqlarını qoruyurlar. Bir qrup erməni qondarma “Artsax” adı altında təxribatçı hərəkətlərini davam etdirməklə bölgədə 4 ölkənin iştirakıyla yaranan yeni təhlükəsizlik formatına əngəl yaratmaq üçün fürsət axtarır. Əlbəttə, bu hərəkətlərin qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınacaq. Bu, belə də olmalıdır. Bu yaxınlarda Ermənistan cəmiyyətində cəmi bir-iki şəxs Azərbaycanla sülh, əməkdaşlıq, barış çağırışları etdi. Ancaq az qalsın onları linç edəcəkdilər. Mən Jirayr Libaridyanla İşxan Verdiyanı nəzərdə tuturam. Baxın, ruslar ermənilərə bir az nəfəslik verdi, erməni cəmiyyəti bu nəfəslikdən doğru-düzgün nəticə çıxarmayaraq, yenidən separatçı, revanşist çağırışlar etməkdədir. Eyni zamanda, qondarma “Artsax” adı altında siyasi manevrlər etməklə guya bu qurumun strukturlarının hələ də fəaliyyət göstərdiyini gündəmdə saxlamağa çalışırlar. Ancaq ermənilərin bu fəaliyyəti yaxın vaxtlarda öz başlarında çatlaycaq. Qarabağ Azərbaycanın ayrımaz hissəsidir. Bu məsələ müzakirə mövzusu ola bilməz. Bunu beynəlxalq hüquq təsdiq etdiyinə görə Azərbaycan öz ərazi bütövlüyünü 44 günlük Vətən savaşı ilə bərpa etdi. İndi hər bir məsələ ermənilərin yeni reallıqları qavramasından asılı olacaq. Onlar “Artsax” xəyallarını açıq şəkildə davam etdirib, “Artsax XİN”i və yaxud “Artsax prezidenti” ifadələrini yığışdırmasalar, Azərbaycanın dəmir yumruğu domokl qılıncı olaraq başları üzərində olacaq. Bunu birdəfəlik bilməlidirlər. Əgər onlar bu təbliğata yenidən start versələr, o zaman qarşılarında İrəvan Türk Cümhuriyyətini görəcəklər. O cümhuriyyət ki, sıralarında Ermənistandan zaman-zaman qovulmuş milyonlarla soydaşımızı özündə birləşdirir. Bütün bunlarla yanaşı, Ermənistanla və onun havadarları ilə bu məsələləri artıq açıq şəkildə müzakirə etməyin vaxtıdır. Xüsusən də Rusya ilə. Tələb qoyulmalıdır ki, bəlli bir müddət ərzində separatçıların qondarma qurumları buraxılsın”.
Sədr müavini hesab edir ki, yalnız bu metodla prosesi sürətləndirmək olar.
Vidadi ORDAHALLI