Rusiya mətbuatında Ermənistanı ifşa edən məqalə dərc olunub. Yazıda Moskvanın müttəfiq hesab etdiyi Ermənistanın Rusiya əleyhinə kampaniyaya qoşulduğu bəyan edilib və İrəvanın xəyanətkar addımı qınanılıb:
"Dağlıq Qarabağda Ermənistanı total məğlubiyyətdən xilas edən Rusiya müttəfiqinin belə sürətlə, açıq şəkildə anti-Rusiya mövqeyi tutacağını gözləmirdi. 44 günlük Qarabağ müharibəsindəki məğlubiyyətə cavab olaraq İrəvan informasiya müharibəsini təkcə Azərbaycana deyil, indi də Rusiyaya qarşı genişləndirməyə qərar verib".
Məqalədə qeyd edilir ki, həm dostluq, həm də yaxşı münasibətin bütün zəmanətləri Ermənistan rəsmilərindən birinin - səfirin açıqlaması ilə aradan qalxıb. İrəvandan müttəfiqlik öhdəliklərinə zidd açıqlamanın gəlməsi Moskvada məyusluq doğurub. Belə ki, Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayan bu ölkənin "Weekblad Elseveir" nəşrinə verdiyi müsahibədə Qərbin müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini müsbət qiymətləndirib. O da bildirilir ki, demək olar hər gün İrəvanın özündə baş nazir Nikol Paşinyana qarşı oxşar hadisələr baş verir. Belə bir vaxtda Ermənistanın Navalnı məsələsi ilə niyə maraqlandığı sual yaradır.
Ermənistanın rəsmi olaraq anti-Rusiya layihəsində yer alması nə ilə bağlıdır?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunların bir izahı var - Ermənistanda mərkəzləşmiş hakimiyyətin zəifləməsi: “Biz müharibədən sonra bu təzahürləri, demək olar ki, Ermənistanın bütün hakimiyyət sferalarında görürük. Hətta həmin ölkənin daxilində belə, rəsmilər bir-birinə tam zidd açıqlamalar verir. Ermənistanın Azərbaycan sərhədində atəşkəsin pozulmasını da bu qəbildən saymaq olar. Bütün bu üsullarla Paşinyan komandasına təzyiqlər edilir. Bu təşəbbüslərin xaricdən qaynaqlanmasına da şübhə yoxdur. Çünki Paşinyanın hazırkı mövqeyi Qərb dairələrinə və bəzi ölkələrə sərf etmir. Faktiki olaraq, Paşinyanı onlar satqın kimi görürlər. Onların layihələrində vaxtilə yer almış Paşinyanın Rusiya ilə birgə addımlamağını həzm edə bilmirlər. Qərbin bəzi ölkələri, nəyin bahasına olursa-olsun, Rusiyanın Cənubi Qafqazda güclənməsinin qarşısını almağa çalışırlar. Bunun da ən optimal yollarından biri əldə olunan üçtərəfli razılaşmanı pozmaqdır. Səfir ölkənin adından danışmaq səlahiyyəti olan rəsmi şəxsdir. Onun açıqlamasına şəxsi fikirləri prizmasından yanaşmaq olmaz. Ermənistanın Niderlanddakı səfirinin verdiyi müsahibə birbaşa iki ölkə arasındakı münasibətlərə xələl gətirir. Əvvəl Paşinyan qütblər arasında oynamağı xoşlayırdı. Məhz bu cür siyasət ona ağır başa gəldi. Hazırda isə onun bu üsullarla imitasiya etdiyini düşünmürəm. Bunu Paşinyana qarşı bir sabotaj sayıram”.
Politoloqun sözlərinə görə, burada başlıca məqsəd rəsmi Moskva ilə Ermənistan hakimiyyətinin münasibətlərini daha da gərginləşdirməkdir: “Yəqin ki, Rusiya rəsmi kanallarla artıq Ermənistana öz etirazını çatdırıb”.
Məhəmmədəli QƏRİBLİ