Bəzi elektron KİV-də Dövlət Sosial Müdafiə Fondundakı qanunsuzluqlar çərçivəsində aparılan istintaqla bağlı müəyyən məqamların üzə çıxması barədə məlumatlar paylaşılıb.
Bu barədə məlumat verən mənbənin sözlərinə görə, DSMF-nin bəzi deputatları, yaşı çatmamasına və səhhətində heç bir problem olmamasına baxmayaraq, saxta yolla pensiyaya çıxartdığı bəlli olub.
Bildirilir ki, sözügedən deputatların adları da məlumdur, hətta onların arasında hazırda deputat fəaliyyətini davam etdirənlər də var. Qeyd edilib ki, bu sənədlərin hazırlanmasında iştirak edən DSMF-nin sabiq vəzifəli şəxsi artıq saxlanılıb. Onunla bərabər daha bir neçə nəfərin də həbs olunacağı istisna edilmir.
Çox maraqlıdır, məlumat təsdiqini rəsmən taparsa, həmin deputatların aqibəti necə olmalıdır?
Fazil Mustafa: “Kim olursa-olsun, belə əmələ yol veribsə, mütləq cəzasını almalıdır”
Millət vəkili Fazil Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunu kim edibsə məsuliyyət daşımalıdır: “Deputat qanunların fövqündə dura bilməz ki. Kim olursa-olsun, belə əmələ yol veribsə, mütləq cəzasını almalıdır. Təbiidir ki, millət vəkilinin belə əmələ qol qoyması həm də mənəvi bir məsuliyyət yaratmış olur. Çünki həmin qanunları deputatların özləri qəbul edir”.
Mehman Muradlı: “Qanunun tələblərini onlar hamıdan yaxşı bilir”
Hüquqşunas Mehman Muradlı isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məsələ tam təsdiqini taparsa, bu birbaşa cinayət əməlidir: “Yəni hansısa dövlət qurumu xəstə olmayan bir adamı xəstə kimi qələmə verib ona təqaüd kəsirsə, bunun adı qanunu pozub cinayət etməkdir. Deputat belə əmələ qol qoyubsa, demək ki, bunu bilərəkdən edib. Çünki qanunun tələblərini onlar hamıdan yaxşı bilir. Bu həm də bir rəzalət olar. Haqlı olaraq sual yaranar ki, görün bizi Milli Məclisdə kimlər təmsil edir? Yəqin ki, yaxın günlərdə bununla bağlı rəsmi məlumat da yayılar”.
Məhəmmədəli QƏRİBLİ