Məlum olduğu kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Novxanıda bağ evində keçirilən toydan ilk görüntülər yayımlandı. Ardınca Ramiz Mehdiyevin qız nəvəsinin toyundan daha bir video dövriyyəyə buraxıldı.
Həmin videoda artıq toyda kimlərin iştirak etdiyi aydın görünürdü . Ramiz Mehdiyevin də yer aldığı həmin məclisdə, hətta Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” da deyib. Bu görüntülər sosial şəbəkələrdə ciddi narazılıq effekti yaratdı. Bundan sonra qızına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinin qərarı ilə hər biri 15 sutka inzibati həbs cəzası alıb.
Məhkəmədə DİN əməkdaşı ifadə verərək bildirib ki, həmin gün saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib. Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb. Onun sözlərinə görə, İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşın olub. Həyətə daxil olmağa polisə icazə verilməyib. Polislər bir nəfərə xəbərdarlıq edərək, həmin ərazidən uzaqlaşıblar. Polislərin içəri daxil olmasına maneə yaradılıb. Həmin məclisdə iştirak edənlərdən biri də millət vəklili Siyavuş Novruzov olub. Onu həmin toyda həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva müşayiət edib. Siyavuş Novruzov ilk açıqlamalarında etdiyi hərəkətə haqq qazandırmağa çalışsa da, sonrakı açıqlamasında Ramiz Mehdiyev tərəfindən təxribata çəkildiyini bildirib:“Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram.
Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar.
Onu da qeyd etmək istəyirəm ki, Ramiz Mehdiyevin uzun illər ərzində fəaliyyəti zamanı onunla münasibətlərimiz kifayət qədər soyuq olmuşdur. Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir”.
Bu açıqlamadan bir gün sonra isə Siyavuş Novruzov İlham Əliyevə müraciət edərək, onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib. Bu məsələdə diqqət çəkən vacib məqamlardan biri qadağan olunan məclisdə iştirak edən insanların Prezidentin adı ilə bu və ya digər formada manipulyasiya etməsidir. Ancaq sonrakı proseslərin gedişi tam sübut etdi ki, ölkə rəhbərliyi bu cür məsələlərdə kimlərəsə güzəşt etmir. Ölkə başçısının adına qarşı edilən təxribatda hansı məqsədlər güdülə bilər?
Sabiq dövlət müşaviri Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısının adının belə məsələlərdə hallandırılması lazımsızdır:“Biz hüquqi dövlətdə yaşayırıq. Ölkədə baş verən bütün hadisələr və onlara verilən qiymət kiminsə şəxsi iradəsilə deyil, qanunlara söykənilərək edilir. Xüsusilə də indiki həssas məqamda zəngin dövlətçilik təcrübəsi olan adamlar belə məsələrdə həssas olmalı, qanunlara tam riayət etməlidirlər. Biz Tovuz hadisələri və ondan sonrakı dönəmdə Rusiyanın regiondakı fəallığını görürük. Cəmiyyətdə kiçik də olsa narazılığın yaradılmasına imkan verib, həmin dövlətin əlinə fürsət vermək olmaz. Pandemiyanın qaydalarına ən birinci riayət edən elə ölkə başçısının özüdür. Bütün görüşlərini onlayn qaydada keçirir, tədbirlərdə qoruyucu maskadan istifadə edir. Deməli, kiminsə qayda pozmasına ölkə başçısının adı ilə haqq qazandırmaq cəhdi yolverilməzdir. Hesab edirəm ki, qaydanı pozanlarla da bağlı qanunun tələbləri çərçivəsində cəzalar veriləcək”.
Biz də hesab edirik ki, hansısa qanun pozuntusuna ölkə rəhbərliyinin adını hallandırmaqla haqq qazandırmaq cəhdi təxribatdan başqa nəsə deyil.
Məhəmmədəli QƏRİBLİ