Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları-2020” yarışmasına start verilib. Sözügedən tədbirə bir sıra ölkələr, o cümlədən, Azərbaycan qatılıb.
Ancaq yarışmada Ermənistan Azərbaycana qarşı təxribat törədib. Təxribat beynəlxalq yarışmada iştirak edən ölkələrin mədəniyyətlərinin sərgisi zamanı yaşanıb. Belə ki, Azərbaycanın milli musiqi alətləri olan tar, saz erməni milli musiqi alətləri kimi sərgi iştirakçılarına təqdim olunub. Həmçinin, bu azmış kimi, müsiqi alətlərinin fonunda separatçı qurumun “simvolları” nümayiş olunub. Bütün bunlar ermənilərin heç bir əndazəyə sığmayan növbəti həyasızlığıdır. Azərbaycan nümayəndə heyəti artıq təşkilatçılara bu barədə öz narazılığını bildirib. Ancaq məlumata görə, ermənilər buna məhəl qoymaq istəmirlər.
Onu da qeyd edək ki, Azərbaycanın da qatıldığı hərbi oyunlar avqustun 23-də başlayıb və sentyabrın 5-nə kimi davam edəcək. Sözügedən müddət ərzində bunun qarşısını necə almaq olar? Ermənilər həyasızlıqlarını davam etdirsələr, o zaman etiraz əlaməti olaraq yarışmalardan imtina edilməlidirmi?
“Tədbirə evsahibliyi edən Rusiya bütün bunlara görə məsuliyyət daşıyır”
Məsələyə münasibət bildirən AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, Azərbaycan bütün səylərini artırıb sözügedən təxribata son qoymalıdır: “Çox təəssüflər olsun ki, Rusiya hər zaman olduğu kimi, yenə də erməni təxribatına göz yumur. Bu, birinci dəfə deyil baş verir. Zaman-zaman Azərbaycana yönəlik belə xoşagəlməz hallara yol verilib. Hətta o vaxtı Vladimir Kazimirovun azərbaycanlılar əleyhinə yazdığı kitaba cavab olaraq bir sıra arqumentlər ortaya qoydum. Rusiyanın Azərbaycana “yaxınlığı”, “dostluğu” barəsində çoxsaylı məlumat var. Azərbaycanın başına gələn bəlaların səbəbkarı Rusiyadır. Bu, 19-cu əsrdə də belə olub, 20-ci əsrdə də. İndi də həmin siyasət davam edir. Görünən odur ki, Rusiya hələ də imperiya siyasətindən əl çəkmir. “Beynəlxalq Ordu Oyunları-2020” yarışmasında erməni təxribatına şərait yaradılması bunu bir daha sübut edir. O baxımdan bu, Azərbaycan dövlətçiliyinə növbəti hörmətsizlikdir. Xəzər dənizində Rusiyanın Azərbaycanla münasibətləri qaydaya düşdüyü bir vaxtda, belə halın yaşanması anlaşılan deyil. Məlum olduğu kimi, bu günlərdə keçirilən tədbirdə azərbaycanlılar rus hərbi dənizçilərini hörmətlə qarşıladılar. Ancaq yenə də erməni təxribatına şərait yaradırlar. Hansı ki, tədbirə evsahibliyi edən Rusiya dərhal bunun qarşısını ala bilərdi, ancaq bunu etmir. Baxmayaraq ki, Azərbaycanın Rusiyaya faydası çox olub. Bütün hallarda, Azərbaycan bunun üzərinə getməlidir. Ermənilər bu təxribata son qoymayacaqlarsa, o zaman biz etiraz əlaməti olaraq yarışmanı tərk etməliyik. Tədbirə evsahibliyi edən Rusiya bütün bunlara görə məsuliyyət daşıyır”.
Professor hesab edir ki, biz hər zaman ayıq olmalıyıq və bu cür təxribatların qarşısı alınmalıdır.
Vidadi ORDAHALLI