Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 24-də həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan şəhər sakini Əlixan Məmmədovdan şəxsi axtarış zamanı marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətindəki qarajda gizlətdiyi 485 qram marixuana da aşkar edilərək götürülüb.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Tağıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu, yaşadığı evdən isə 435 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanan şəxslər götürülümüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı