Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu istiqamətdə aprelin 16-da həyata keçirilən tədbirlər nəticəsində 4 kiloqramdan çox narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, əldə edilmiş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cabbarovdan çəkisi 1 kiloqramdan artıq heroin götürülüb.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan Rusiya Federasiyasının vətəndaşı Bəhruz Cəfərovdan şəxsi axtarış zamanı 4,3 qram tiryək və 0,7 qram heroin aşkar edilib. Tədbirlərin davamı olaraq onun Şahağacı kəndində yaşadığı evindən isə əlavə olaraq 3 kiloqram 90 qram tiryək aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı B.Cəfərov və arvadı Rühəngizin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olmaları da müəyyən edilib.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı