Aprelin 9-da Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən Mədrəsə qəsəbə sakini Əhliman Bayramov bir gün əvvəl axşam saatlarında həyətinə girmiş naməlum 2 nəfərin oradan 2 baş qoyun apardığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanıb. Araşdırmalarla onların şəhər sakinləri Vüsal Quliyev və Malik Məmiyev olduqları müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların aprelin 6-da şəhər sakini Səxavət Feyzullayevin həyətindən də 2 baş qoyun oğurladıqları müəyyən edilib.
Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı