Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində saxlanan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Adilovdan 1 kiloqramdan artıq marixuana və 0,312 qram heroin aşkar edilərək götürülüb.
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elmir Adığözəlov saxlanıb. Şəxsi axtarış zamanı ondan 5 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə baxış zamanı əlavə olaraq 685 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı