Avqustun 4-də saat 1.00 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə FHN-dən naməlum şəxsin zəngi barədə məlumat daxil olub.
Məlumatda "112 Xidməti"nə zəng edən bir nəfərin özünü təqdim etmədən "bomba var" sözlərini deyərək dəstəyi asdığı bildirilib. Dərhal görülmüş tədbirlərlə zəngin Ağcabədi şəhərindən edildiyi müəyyən edilib. Bu barədə ərazi aidiyyəti üzrə Ağcabədi RPŞ-yə məlumat verilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin rayon sakini, 24 yaşlı Nurlan Cəbrayılov olduğu müəyyən edilib və o saxlanaraq Polis Şöbəsinə gətirilib.
İlkin araşdırmalarla onun analoji cinayətə görə 2014-cü ildə Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə məhkum edildiyi, cari il martın 16-da isə "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edildiyi müəyyən edilib.
Hazırda onun barəsində Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Natiq CAVADOV DİN mətbuat xidmətinin əməkdaşı