Özbəkistandan külli miqdarda valyuta çıxararaq suriyaya aparmaq istəyən şəxs Rusiyanın Mineral Sular (Minvod) gömrüyünü keçərkən yaxalanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə sözügedən gömrüyün əməkdaşları mətbuata bildirib. Xəbərə görə, gömrük baxışı zamanı, külli miqdarda dollardan əlavə, onun üzərindən özbək sumu, gürcü larisi, Misir funtu, Livan lirəsi və Suriya funtu ilə də xeyli miqdarda valyuta aşkarlanaraq götürülüb. Sonradan tutulan şəxs özü ilə 10 min ABŞ dolları və 660 min özbək sumu aparmağa cəhd etdiyini etiraf edib. Həmin valyutalar barədə deklarasiya təqdim etməyən suriyalı “yaşıl dəhliz”dən keçməyə təşəbbüs göstərib və bunu üzərində pul və qiymətli əşyanın olmaması ilə izah edib.
Qayda pozan suriyalı haqqında cinayət işi açılıb, üzərindən götürülən valyutalar isə saxlama kamerasına yerləşdirilib.
“Kavkaz seqodnya” saytı yazır ki, onu bəyannamədə elan olunmamış məbləğin bir və ya iki misli miqdarında cərimə gözləyir.