Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatına görə, 2017-ci il iyulun 24-də, gecə saat 03 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan 1972-ci il təvəllüdlü Gülbəniz Əliyevanin və övladları - 19 yaşlı Məleykə və 14 yaşlı Muradın ağır bədən xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına gətirilmələri, ananın aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi, həyat yoldaşı - 1968-ci il təvəllüdlü Saday Əliyevin isə yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla Saday Əliyevin psixi xəstəlikdən əziyyət çəkdiyi, qeyd edilən tarixdə yaşadığı evdə yatmış vəziyyətdə olan arvadı və övladlarının baş nahiyələrinə iri dəmir çəkiclə qəsdən ağır bədən xəsarətləri yetirdiyi və sonradan intihar etdiyi müəyyən edilib.
Cinayətin aləti olan bir ədəd çəkic tapılaraq maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.